Xəbərdarlıq: Qaz təchizatı dayandırıla bilər - Səbəb
“Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlət tərəfindən ayrılmış limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.İstehsalat Birliyindən
Axar.az-a verilən məlumata görə, hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilən 6 005 ailə üzrə yaranan 5 696 937 manat həcmində borc da daxildir. Digər borclu abonentlərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və ya məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 708,86 manat borc yaranıb.
Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub. Eyni zamanda Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.