sedanews.az
sedanews.az

İlk hərbçi xanım şəhidimiz...

17-11-2020, 14:21 532 dəfə baxılıb

İlk hərbçi xanım şəhidimiz... 

İkinci Qarabağ müharibəsinin – başqa sözlə, Azərbaycan Böyük Vətən Müharibəsinin ilk hərbçi xanım şəhidi Arəstə Baxışovanın ailəsini ziyarət etdik.
Qarabağ müharibəsi...
Şəhid...
İlk hərbçi xanım Şəhid... – Bu təyinlər hər biri özlüyündə bir mənəvi ünvandır; hər biri haqqında ayrı-ayrılıqda dastanlar yazmaq, kitablar bağlamaq olar. Arəstə Baxışova bu ünvanların hamısını öz həyat və fəaliyyətində birləşdirməyi bacardı. Üstəlik, o, Çernobıl faciəsinin qarşısının alınmasında iştirak etmiş veteran atanın övladıydı. Yetimlik görmüşdü o... Hərbçi olmaq arzusu ilə böyümüşdü... Sonra özü valideyn olmuşdu... İki gül balası bizlərə əmanətdir artıq... Arəstə öz cavan ömrü ilə ömür-ömür xatırlanacaq... İkinci Qarabağ müharibəsinin ilk hərbçi qadın şəhidi! – Bu şərəfli titulun sahibini unutmaqmı olar?..
Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. Əsl hərbçi, əsl şəfqət bacısı, qadın qüdsiyyəti, Azərbaycan xanımı xeyirxahlığı ilə onun özü şəhadət şərbəti içib... “Yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən!..” – vəzifənin müqəddəsliyi bu olsa gərək! Ömrün naxışı, bəzəyi bu olsa gərək...
Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirdi. Onsuz da könlümüzdə taxt qurmuş, ruhuna əbədi ehtiramımız olan uca könüllü Arəstə bu könüllülüyü ilə daha yeni ucalıq mərtəbəsi qazandı...
Anası danışır:
“Dedi ki, “Ana, mən müharibəyə getmək istəyirəm, uşaqlar sənə əmanət. Hərənin bir qisməti var, əgər Vətən uğrunda şəhid olacağamsa, bu mənim başımın ucalığı olacaq”...
O, ölümdən qorxan qız deyildi”.
Xanım şəhidimizin 10 yaşlı qızı Zəhra anası ilə qürur duyduğunu deyir. Danışanda ürəyinin özündən böyük olduğunu hiss etdim. Mənə elə gəldi, o da, qardaşı da analarının şəhid olduğunu bildikdən sonra birə beş böyüyüblər... – yaşlarından irəli danışırdılar sanki:
“Anam mənimlə fəxr edirdi, mən də indi anamla fəxr edirəm; fəxr edirəm ki, Vətən uğrunda şəhid olub”...
Arəstə xanımın 11 yaşlı oğlu Mərdan isə əziz anası ilə son telefon danışıqlarını xatırlatdı:
“Hər dəfə zəng edərdi, soruşardı. Bir gün ard-arda zəng etdim, cavab vermədi. Xeyli sonra telefonu açdı, səsi bir təhər gəlirdi. Düşündüm ki, bəlkə xəstələnmiş olar – dedi, yox, yaxşıyam, problem yoxdur. Sonra dedi, bacına yaxşı bax; nənənin sözündən çıxmayın, dərslərinizi vaxtlı-vaxtında oxuyun”.
Artıq Zəhra və Mərdan bizlərə əmanətdir, onlar yalnız mənsub olduqları ailənin övladları sayılmır artıq... Çünki anaları bir evdən çıxdı, bir elin qızı, bir ulusun qəhrəmanı oldu. Qəhrəmanlıq, fədakarlıq isə unudulmur. Məşhur kəlamda deyildiyi kimi: “Heç nə unudulmur, heç kim yaddan çıxmır!”
Çox əminəm ki, əziz Arəstə bacımızın ruhu indi şaddır. Şaddır, çünki Şuşanı azad etdiyimizi bilir, müharibədə zəfər çaldığımızı bilir. Bilir ki, bu millət, bu dövlət öz şəhidini həmişə əziz tutacaq! Şəhid ailəsi baş tacımız olacaq!
Şəhid Arəstə Baxışova! – Bilirsinizmi Arəstə adı nə anlama gəlir? Görün nə təvafüqdür ki, şəhidimizin adı taleyi ilə üst-üstə düşür: “Bəzənmiş, bəzəkli, yaxud nizam və qaydası yerində olan”... Şəhid adından gözəl ad, bundan gözəl Tanrı bəzəyi, İlahi naxış varmı? Bir hərbçi üçün nizam və qaydası yerində olmaq da “olmazsa olmaz”lardandır... Arəstə Baxışova sanki öz gözəl aqibətinə, öz əbədiyyət yolçuluğuna baxış içində olub ömrü boyu...
Ruhun şad olsun, əziz bacım!
İlahi yolçuluğun mübarəkdir!
Salam-sayğılarla,
Qənirə Paşayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA