sedanews.az
sedanews.az

Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası

4-03-2021, 12:15 698 dəfə baxılıb

Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Dağlıq Qarabağ və ətraf əraziləri 44 günlük Vətən müharibəsində erməni işğalından azad etdi.

İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - “Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Artıq yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir. 

Müzəffər ordumuzun qələbəsi qeyri-neft sektorunun böyüməsinə, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsinə təkan verəcək. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır.

İşğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Bu ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunmasi ilə təkcə bu ərazilərin kənd təsərrüfatı sahəsindən gələn gəlir milyard dollarlarla ölçülə bilər. Öz torpaqlarına qayıdan sakinlərin orada yeni iş yerləri ilə təmin olunması da həmin ərazilərdəki bölgələrin inkişafını təmin etmiş olar.

İşğaldan azad edilən torpaqlarımız mineral və termal su mənbələri ilə də zəngin bir ərazidir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm düşmənin ölkəmizə qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Burada Kəlbəcər və Laçın rayonlarının şirin su ehtiyatlarını xüsusi vurğulamaq lazımdır. Azərbaycanın hündürlüyünə görə ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı – Sərsəng su anbarının işğaldan azad olunması ilə Tərtər, Ağdərə, Bərdə, Goranboy,Yevlax və Ağcabədi rayonları suvarma suyu ilə təmin olunacaq. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması deməkdir. 

Hesablamalara görə, Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bu ərazilərdə 30-dək kiçik su elektrik stansiyaları mövcuddur. Lakin istifadəyə yararsız vəziyyətə salınıb, hazırda onların inventarlaşması həyata keçirilir. 

Yaşıl enerji zonalarının əsas komponentlərindən biri bərpa olunan enerji potensialının mövcudluğudur. Dilbər güşələrimizdən olan Qarabağ yetərincə günəş və külək enerjisi ilə zəngindir. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 4000 meqavatdan çoxdur. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Təbii ki, bunlar ilkin qiymətləndirmələrdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması təmin olunacaq. İşğaldan azad olunan rayonlarımızın bərpası sistemli şəkildə aparılacaq. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq. 

Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərədə yaradılan xüsusi idarəetmə strukturu səmərli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsinə başlanılıb və elektrik təminatı ilə bağlı işlər görülür.

İşğaldan azad oluna ərazilərimizin bərpası zamanı müasir standartlar tətbiq olunacaq və daha sonra həmin rayonların inkişaf modeli digər ərazilərimizə transfer olunacaq.

Dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir.


 Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru Əliyev Dadaş







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA