sedanews.az
sedanews.az

Anasının sevgilisinə görə qaçaq düşən şair

4-06-2024, 15:27 260 dəfə baxılıb


  3 iyun böyük şair Nazim Hikmətin anım günüdür.
Kult.az Nazim Hikmətlə bağlı maraqlı faktları təqdim edir:
1902-ci il yanvar ayının 15-də Türkiyədə zadəgan ailəsində anadan olan Nazim Hikmət 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olur. Onun maraqlı, faciəli, şair həyatı elə bu dönəmlərdən başlayır.
Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə Hərbi Dənizçilik Məktəbindən kənarlaşdırılır. Bundan sonra şair 1921-ci ildə Rusiyaya gedir və Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alır.
Nazim Hikmətin qadınlarla münasibəti hər kəsə məlumdur. Şair ilk dəfə bacısının rəfiqəsi Pirayə ilə ailə qurub. Günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir və Nazim oradaca ona aşiq olur.
O gündən sonra Pirayəni tərk edir...
Yeri gəlmişkən, düşüncələrinə, ideyalarına görə həbs olunan, lakin sonradan həbsdən canını qurtaran şairə təzyiqlər ömrünün axırınadək davam edir. Türkiyə hökuməti onu həbsdən dərhal sonra əsgərliyə çağırır. Bu çağırışın isə yaxşı olmayacağını qabaqcadan hiss edən şair Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyaraq Moskvaya qaçır.
  O, bu dəfə də sevgisinə sadiq qala bilmir, başqa qadınlara yelkən açır...
Həmin qadınlardan biri də Nazimlə xəstəxanada tanış olan Qalina idi. Amma çox keçmir ki, bu sevgisi də daşa dəyir. Səbəb isə şairin yenə də başqasına aşiq olmasıdır. Həmin qadın onun bütün qadınlardan çox sevdiyi Vera Tulyakova idi. Şairi həddən artıq sevən Qalina isə bunu öyrənən zaman ona heç nə demir, əksinə, Nazimi bağışlayır. O, buna səbəb kimi Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasını göstərir.
  Dəli sevdaya tutulan şair üçün artıq sevgi də çətin gəlirdi. İnfarkt keçirən Nazimə ilk növbədə həyəcanlanmaq olmazdı ki, bu sevgi həyəcanı onu öldürə bilərdi. Hətta həkim ona “sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan” da demişdi.
  Dostlarına bunu danışanda məşhur “Alıx roz” şeirinin müəllifi Andrey Voznesenski “Nazim, sevərək 3 il yaşamağı seç” demişdi.
Şairsə bu sevdaya sadiq qala və ömrünün sonunu sevgiylə gətirə bilir. Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşayaraq vəfat etmişdi.
Vəfatından əvvəl ayrılıqlarına onlarla şeir həsr etdiyi Münəvvər və Mehmet onunla görüşmək üçün Varşavaya gəlir. Nazim bu görüşə gəlsə də, onların yanında qalmır, oğlunu da, Münəvvəri də tərk edib Veranın yanına qayıdır.
Şairin oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.
Faciəvi həyatı olan Nazimi başqa məsələlər də incidirdi. Məsələn, anası, rəssam Cəlilə xanımın Yəhya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət anasından inciyərək evdən qaçaq düşür və Yəhya Kamala belə bir məktub yazır: “Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz”.
Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın – Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəlmişdilər. Üçü də yanaşı duraraq Nazim üçün həzin-həzin ağlayırdı.
O, Azərbaycanda da olub. İlk dəfə Bakıya Süleyman Rüstəmin dəvəti ilə gəlib.
Nazim Hikmət Moskvaya qayıdanda isə dəhşətli həqiqətlərlə rastlaşır. Repressiyalar, qadağalar…
Həmin dönəm Yazıçılar İttifaqında onun gəlişi ilə bağlı böyük qonaqlıq təşkil olunmuşdu. O zaman Nazim Hikmət ayağa durub repressiyalardan danışmış və əlavə etmişdi: “Bütün bunları yoldaş Stalinə deyəcəm”.
28 il həbs cəzası almış, onun 12 ilini yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qalmışdı və buna görə travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bədənini ətirlə təmizləyirdi.
Şair bir dəfə Atatürkə əfv olunmağı ilə bağlı məktub da ünvanlayır. Həmin vaxtlar Mustafa Kamal Atatürk xəstə yatağında olduğu üçün məsələni köməkçisinə tapşırır. Ancaq nədənsə, məsələ öz həllini tapmır...
Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib. Vera onun qapının ağzında yerə yıxıldığını görüb, nə edəcəyini bilməyib və rəfiqəsinə zəng vurub. Öldüyü gün əlində oxucularının məktubları və qəzet olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA