sedanews.az
sedanews.az

Azərbaycan regionda yeni konfiqurasiyanın mərkəzində dayanır

4-05-2022, 11:38 315 dəfə baxılıb




Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda siyasi, iqtisadi sahələrdə regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Ermənistanda getdikcə daha çox insan anlayır ki, Azərbaycan və Türkiyə ilə qarşılıqlı hörmətə, bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanımağa əsaslanan normal münasibətlər qurmadan bu ölkənin inkişaf etməsi mümkün deyil. 
İkinci Qarabağ savaşında Ermənistanın acı məğlubiyyəti onu göstərdi ki, hansısa xarici dəstəyə arxalanaraq, işğalı, ədalətsizliyi əbədi davam etdirmək mümkün deyil. Prezident İlham Əliyevin bu günlərdə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında da bildirdiyi kimi, Rusiyanın Qarabağda müharibəyə müdaxilə edəcəyi ilə bağlı Ermənistanda gözləntilər var idi: “Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük”.
Müharibədən sonra Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması, tarixən bir-birilə rəqabət aparan bu iki dövlətin Cənubi Qafqazda əməkdaşlıq etməsi, Türkiyənin Rusiya-Ukrayna danışıqlarına vasitəçilik etməsi hər zaman regional və qlobal güclərin toqquşmasından özünə mənfəət əldə etməyə alışmış erməni millətçiliyinin utopik xəyallarının tamamilə puç olması deməkdir. 
“Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır” – deyən dövlət başçısı əlavə edib ki, hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir: “Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da”.
Hazırda gündəmdə olan “3+3” formatı Cənubi Qafqaz respublikaları olan Azərbaycan, Gürcüstan və Ermənistanın öz aralarında, eləcə də qonşu dövlətlər olan Türkiyə, Rusiya və İranla qarşılıqlı münasibətlərini, əməkdaşlığını nəzərdə tutur. Azərbaycanın öz resurslarına və tranzit imkanlarına görə mərkəzi rol oynayacağı yeni əməkdaşlıq mühiti Cənubi Qafqazı sülh, əməkdaşlıq və inkişaf məkanına çevirəcək. Regionda sülhün, sabitliyin bərqərar olması və sağlam dövlətlərarası münasibətlərin formalaşması bölgə xalqlarının rifahına müsbət təsir göstərəcək. Bu bütövlükdə Avrasiya məkanında sülhə, tərəfdaşlığa töhfə verəcək.
Yeni regional konfiqurasiyanın əsas təzahürlərindən biri də Ermənistanın ərazisindən keçməsi nəzərədə tutulan Zəngəzur dəhlizidir. Ölkə Prezidentinin sözlərindən aydın olur ki, Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və təqribən yaxın bir il müddətində hamısı hazır olacaq. Lakin əgər Ermənistan ona yaradılan bu imkanlardan da istifadə etməsə, onda neft-qaz kəmərləri ondan yan keçdiyi kimi, bu dəfə də mühüm iqtisadi əməkdaşlıq marşrutlarından kənarda qalacaq, inkişaf imkanlarından məhrum olacaq.
Bu o deməkdir ki, Vətən savaşından sonra bölgədə yaranmaqda olan yeni konfiqurasiyada Ermənistanın da mənfəət əldə etməsinə şərait yaransa da, bu ölkə rəhbərliyinin öz siyasətini yanlış quracağı təqdirdə Ermənistan çox asanlıqla bu proseslərdən kənarda qalacaq.
Ermənistandan fərqli olaraq, Azərbaycan bölgədə formalaşmaqda olan yeni əməkdaşlıq formatının əsas tərkib hissəsi, mərkəzi iştirakçısıdır. Buna bir tərəfdən Azərbaycanın təbii sərvətləri, əlverişli coğrafi mövqeyi şərait yaradırsa, digər tərəfdən ölkəmizin uğurlu inkişaf strategiyası, iqtisadi imkanları, beynəlxalq nüfuzu, əməkdaşlıq təcrübəsi və s. amillər əsas verir.
Ona görə də təbii olaraq, Azərbaycanın tərəfdaşları durmadan artır, ölkəmizlə əməkdaşlığa beynəlxalq səviyyədə böyük maraq var. Son aylarda Avropa İttifaqının bu istiqamətdə fəallaşması, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması yönündə səylərini artırması müşahidə olunur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin təşkili, danışıqların aparılması və müsbət irəliləyişlərin əldə olunması bunun sübutudur. 
Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına vasitəçilik etməklə Avropa İttifaqı bölgədə yaranan yeni konfiqurasiyada öz mövqelərini gücləndirə bilər. Bu, region dövlətlərinin, o cümlədən Azərbaycanın Avropa məkanı ilə qarşılıqlı əlaqələrini möhkəmləndirəcək. Prezident İlham Əliyevin də dediyi kimi, Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək: “Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək”.
Beləliklə, göründüyü kimi, Azərbaycanın Qarabağ zəfəri təkcə ölkəmiz üçün deyil, bütün region üçün böyük tarixi hadisədir. Dünyada yeni-yeni münaqişələrin meydana çıxdığı və kəskinləşdiyi bir vaxtda Qarabağ münaqişəsi kimi çoxillik tarixi köklərə malik ağrılı bir problemin ədalətli həlli müasir dünya tarixində olduqca nadir haldır. İnamla söyləmək olar ki, Azərbaycanın Qarabağ zəfəri hələ uzun illər boyunca bəşəriyyətə öz müsbət nəticələrini, bəhrələrini təqdim edəcək.

Politoloq
 Hülya Məmmədli







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA