sedanews.az
sedanews.az

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda konfransın əhəmiyyəti

4-05-2022, 11:23 343 dəfə baxılıb





Məlum olduğu kimi, aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Çıxışında mühüm məsələlərə toxunan dövlət başçısı regionda sülhü gücləndirməyə xidmət edən əsas sənəd olan Şuşa Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanın hərbi və müdafiə sənayesi də daxil olmaqla bütün sahələrdə Türkiyə ilə müttəfiq olduğunu vurğulayaraq qeyd edib ki, "Ötən ilin iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir”. Bununla da Azərbaycan və Türkiyə arasındakı münasibətlərin diplomatik və siyasi əməkdaşlıqdan çox, qardaşlıq bağları ilə bağlı olduğu haqqında bütün dünyaya və beynəlxalq ictimaiyyətə mesaj çatdırıb.
Dövlət başçısı İlham Əliyev ilk növbədə qonşu ölkələr, xüsusən də Türkiyə və Rusiya ilə münasibətlərin əhəmiyyətindən söz açmaqla yanaşı, bu ölkələrlə əməkdaşlığın  qurulması və daim yüksək səviyyədə qalmasının regionda sülhün və sabitliyin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması haqqında danışan dövlət başçımız bəyannamədə Rusiya ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı ilə bağlı məsələlərin yer aldığını, bunun Azərbaycan iqtisadiyyatı və siyasətinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini, iki ölkənin həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması istiqamətində əməkdaşlıq etdiyini bildirib. Təkcə Rusiya və Türkiyə ilə deyil, bütün qonşularla da yaxşı münasibətlərin olduğunu qeyd edən dövlət başçısı Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin əhəmiyyətini də vurğulayıb.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərə toxunan Prezident İlham Əliyev Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təminatı üçün sülh müqaviləsi imzalanması və 5 təməl prinsipin həyata keçməsininin vacibliyini bəyan edib. Həyata keçirilən işlərin, atılan addımların Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsi olduğunu, Qarabağın yenidən qurulmasının, iqtisadiyyatımızı gücləndirmək üçün sərf olunan resursların, bütün istiqamətlərdə aparılan təşəbbüslərin sülhə xidmət etdiyini qeyd edib. Sülh danışıqları iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat dəhlizlərinin açılması, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması və hörmətlə yanaşması, münasibətlərin bərpası və mehriban qonşuluq şəraitində bundan sonrakı yaşamın davam etdirilməsi mövzuları ətrafında aparılmalıdır.
Prezidentin çıxışında əsas məsələlərdən biri kimi 30 il müddətində erməni barbarlığı və vandalizmi nəticəsində Azərbaycana dəymiş ziyan, bunun mənəvi-hüquqi qiymətləndirilməsi, Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma siyasətinin regional təhlükəsizliyə yaratdığı hədələr, tarixi və dini irsimizin məhv edilməsinin qonşuluq siyasətinin qurulmasına yaratdığı maneələri qeyd etmək olar.
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı onu göstərdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, onunla  əməkdaşlıq etmək istəyən digər dövlətlərlə də dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır.

Bakı şəhəri, Suraxanı rayonu, A.Muradov adına 84 nömrəli tam orta məktəbin direktoru Şəfəq İbişova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA