sedanews.az
sedanews.az

Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim Şuşa

2-09-2021, 13:39 463 dəfə baxılıb


Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim Şuşa 


Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim şəhər. Təkcə şuşalılar üçün yox bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhər, əziz torpaq, əziz qala, əziz bir abidədir. Ümummilli liderimiz Heydər Əliyev belə dəyərləndirmişdi Şuşamızı. “Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir”. Çünki Şuşa sadəcə coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Bütün bu gözəlliklərə, zənginliklərə malik şəhərin itirilməsi, uzun illər bizim yolumuzu gözləməsi isə hər birimizin ürək ağrısı idi. Çünki Şuşa hər zaman gerçək sahiblərini gözləyirdi. Xarı bülbülün ətri, qoxusu bizi axtarırdı. Qarabağın tacını itirməyi, ondan ayrı qalmağı isə heç bir Azərbaycan vətəndaşı qəbul edə bilmirdi. Şəxsiyyətlərimizin məqbərələri, tarixi abidələrimiz, Şuşamızın bütün əsrarəngiz gözəlliyi sanki zindanda, azad olunacaq günü gözləyirdi. Biz bu günün olacağına hər zaman inandıq, dövlətimizin qüdrəti, prezidentimizin əzmi, güclü siyasəti, ordumuzun yenilməzliyi heç bir maneənin qalmadığını görməyə əsas verirdi. Nəhayət məqam yetişdi. Bənzəri olmayan qələbə ilə düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, Şuşamızı azad etdik. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Noyabrın 8-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bəyan etdiyi bu sözlər xalqımızın 28 illik Qarabağ yarasına məlhəm oldu. Əvvəlki sevinclərimizə sevinc qatdı, xoşbəxtliyimizi birləşdirdi. Nəinki Azərbaycanın, bölgənin mədəni paytaxti sayıla bilən Şuşa poeziyamızın, musiqimizin beşiyidir. Ona görə də azad Şuşada bütün istiqamətlər quruculuğa, bərpa işlərinə yönəldi. İnkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilən zəfər yolu ilk işlərdən biri oldu. Məscidlərin, tarixi abidələrin bərpası hər biri böyük qayıdışın ilk addımlarıdır.

Hələ 1982-ci il yanvarın 14-də Şuşada qanlı, şaxtalı havada Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuşdur. Mədəni irsə, milli təfəkkürə ehtiramın təzahürü hər zaman xalqımız üçün ən ümdə məsələlərdən olmuşdur. Lakin mənfur düşmən Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdı. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, M.P.Vaqif təkcə Azərbaycan şairi yox, eyni zamanda Qarabağ xanının vəziri idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində Vaqifin məqbərəsi ucaldılmış, bir daha Şuşa Azərbaycanın təsdiqi kimi öz yerini tapmışdır. 

2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin önündə “Vaqif poeziya günləri”nin açılışı oldu. Bu tədbir ölkənin həyatında çox mühüm hadisə kimi dəyərləndirilməlidir. Çünki tariximizin, mədəniyyətimizin, dünənimizin bərpası Şuşanı dirçəldəcək.

Bəli, böyük qürur hissi ilə deyə bilərik ki, qüdrətli Azərbaycan dövləti artıq yeni dövrə qədəm qoyub. Əminəm ki, Şuşaya qayıdışımız yenə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna rol oynayacaq. Biz çox sevincliyik ki, Şuşada Vaqif poeziya günləri bərpa edildi, Xarıbülbül festivalları təşkil olunur. Yenə Cıdır düzündə atların kişnərtisi musiqimizin ritminə köklənir.


Bakı şəhəri, Suraxanı rayonu E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA