Qardaşlıq münasibəti və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlər.
Qardaşlıq münasibəti və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlər.
15 iyun 2021-ci ildə Şuşada qardaş ölkələr - Azerbaycan və Türkiyə arasında imzalanmış "Şuşa bəyannaməsi" tarixdə önəmli iz qoyacaq bir müqavilədir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında, imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Bu müqavilə iki qardaş ölkə arasında istər hərbi, istər siyasi, istərsə də iqtisadi sahədə birliyi ifadə edir. Azərbaycan və Türkiyənin dəmir yumruq kimi birləşməsinin simgəsi olan “Şuşa bəyannaməsi” həm Ermənistan, həm də digər qonşu və qeyri-regional dövlətlər üçün, xüsusilə də, Azərbaycan-Ermənistan arasındakı gərginlikdə özünü hakim mövqedə göstərərək, əslində isə qərəzli şəkildə tərəfkeşlik edənlərə olduqca mühüm ismarıcdır.
“Şuşa Bəyannaməsi” ilə Türkiyə Azərbaycanın ərazi bütövlüyü pozularsa, dövlət sərhədlərinə təhdid kimi hallar baş verərsə, öz hərbi qüvvələri ilə Azərbaycanın yanında yer alacağını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırır.
“Şuşa Bəyannaməsi”nin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bu o deməkdir ki, tarix təkrarlanır və qardaşımız keçmişdə olduğu kimi, indi də ölkəmizin yanındadır. Ərazi uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.
Türkiyə lideri bəyannaməni imzalayarkən, Prezident İlham Əliyev də, hər kəsə düz 100 il bundan öncə imzalanmış "Qars müqaviləsi" ni xatırlatdı. O bildirdi ki,“Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Beləliklə, 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa bəyannaməsi" onsuz da bilinən bir gerçəyi bir daha dünya ictimaiyyətinin, özəlliklə regiondakı siyasi hadisələrdə maraqlı olan tərəflərin diqqətinə rəsmi şəkildə çatdırdı. İqtisadi sahədə, informasiya sahəsində əməkdaşlıqla paralel olaraq hərbi sahədə də əməkdaşlıq, yəni, beynəlxalq qanunvericiliyə uyğun olaraq, hər hansı bir ölkənin iki qardaş ölkələrdən birinin mənafelərinə əks getməsi təqdirdə, digərinin bütün hərbi qüvvələri ilə onun yanında olacağını əks etdirməsi Azərbaycan və Türkiyəyə əks mövqedə olanlar üçün mühüm bir mesajdır.
Suraxanı rayonunun fəal gənci Türkan Bayramova