sedanews.az
sedanews.az

Xalqa həsr olunmuş ömür

10-05-2022, 10:58 258 dəfə baxılıb


    Müstəqil dövlətimiz önəmli bir tarixi hadisə - müasir milli dövlətçilyimizin memarı və qurucusu , Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindədir. Bu ərəfədə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini , milli dövlətimizin yaradılması və möhkəmləndirilməsində müstəsna rolunu bir daha nəzərdən keçirmək, xatırlamaq həm vətəndaşlıq borcumuzdur,həm də gənclərimizin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox vacibdir.
    Azərbaycan xalqı dünya tarixinə neçə - neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşır, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir. 
    Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
XX yüzillikdə dəfələrlə istiqlal savaşına qalxmış Azərbaycan xalqı, nəhayət, əsrin sonunda tarixi torpaqlarımızın bir hissəsində - Şimali Azərbaycanda özünün qədim dövlətçilik ənənələrini dirçəldə bildi. Azərbaycanımız yenidən siyasi varlığa çevrildi. Dünya xəritəsində Azərbaycan Respublikası adlanan dövlətimiz artıq 31 ildir ki, yaşayır. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda böyük uğurlara nail olmuş Azərbaycanın müstəqilliyinə artıq zaval yoxdur, dövlətimiz əbədiyyətə qədər yaşayacaqdır! 
Azad, müstəqil dövlət kimi yaşamaq hər bir xalq üçün, o cümlədən bizim xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Məhz buna görə də qədirbilən xalqımız ilk növbədə öz dahi oğluna - Heydər Əliyevə minnətdardır. Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik.
   Belə çətin bir şəraitdə xalq çıxış yolunu H.Əliyevin Azərbaycana rəhbərliyə dəvət olunmasında görürüdü. Xalqın təkidli qarşısında o zamanki iqtidar Heydər Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etməli oldu.
Ermənistanın təcavüzünün qarşısını almaq, vətəndaş müharibəsini dayandırmaq kimi çətin işlərin öhdəsindən gələn Heydər Əliyev digər bir çətin vəzifəni – Azərbaycanda iqtisadi böhranın qarşısını almaq və iqtisadi inkişafa nail olmağı da yerinə yetirdi.
   Beləliklə, Ulu öndərin qədirbilən xalqımız qarşısında ən böyük tarixi xidməti budur ki, Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı.
Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı. Zəngin dövlətçilik ənənəsinə malik olan Ulu öndər Heydər Əliyev hüquqi demokratik dövlətin Azərbaycan modelini yaratmağa nail oldu.
   Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək ordu quruculuğu ilə bağlı geniş miqyaslı islahatlara başladı. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: " Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
   Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilmiş hüquqi, siyasi, iqtisadi, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası üçüncü miniliyə ictimai - siyasi sabitliyin möhkəmləndiyi, iqtisadiyyatın uğurla inkişaf etdiyi, yeni - yeni mədəni nailiyyətlərin qazanıldığı bir şəraitdə daxil oldu.
   Ulu Öndərin ən böyük arzularından biri bu olub ki, Azərbaycanın zümrüd qaşı olan Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalansın, Cıdır düzündə Azərbaycan muğamı səslənsin. Bu gün Ümummilli liderin ruhu şaddır, çünki Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu arzunu həyata keçirdi, doğma Qarabağımızı bizə qaytardı.
Bu gün biz dönüb 19 il əvvələ - 2003-cü ilin prezident seçkilərinə baxdıqda bir daha əmin oluruq ki, müdrik xalqımız doğru seçim edib. Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.


                                                  Suraxanı rayonu, A.Səfərov adına 114 №li tam orta məktəbin
                                                     direktoru, Əməkdar müəllim Ceyran Novruzova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA