sedanews.az
sedanews.az

Xalqı birləşdirən Azərbaycançılıq məfkurəsi

10-05-2022, 10:44 434 dəfə baxılıb


    Bəşər tarixində hər bir xalq özünün dahi şəxsiyyətləri ilə tanınır. Xalqlar, millətlər formalaşdıqca, cəmiyyətdə ayrı - ayrı fərdlər xalqı öz ardınca apara bilirsə, məxsus olduğu ölkənin qarantı ola bilirsə, tarixdə böyük iz qoya bilirsə, belə insanlar şəxsiyyət, lider səviyyəsinə yüksəlirlər.
Azərbaycan tarixinin ən şanlı səhifəsi də məhz xalqımızın müdrik oğlu, Ümummilli liderimiz Heydər Əliyevin adı, əməli və ideyaları ilə bağlıdır. Dahi öndərin müstəqil Azərbaycan dövlətinin beşiyi başında durduğu ötən əsrin 90-cı illərinin əvvəlləri xalq, millət qarşısında olum və ya ölüm dilemması kimi tarixi bir yol qoymuşdu.
Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi kimi geniş xarakterizə edən əsas amil Azərbaycanda müstəqil dövlətin yaradılması oldu.
    Bizim özünüdərkimiz, özünəqayıdışımız məhz Heydər Əliyevin adı ilə bağlıdır. 34 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev bütün ömrünü xalqımızın xoşbəxtliyinə, gələcəyinə, Azərbaycanın inkişafına həsr edən xarizmatik bir lider idi. XX əsrin sonlarında Azərbaycan övladlarının tökülən qanı bahasına əldə etdiyimiz dövlət müstəqilliyimiz təhlükə altında olarkən Ulu öndər bu müstəqilliyin qarantı olmaq kimi çox şərəfli, dəyərli və ağır bir vəzifəni üzərinə götürdü. 
    1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə, əminamanlığa və iqtisadiyyatın dirçəlməsinə nail oldu. Az müddət ərzində Azərbaycan yeni sürətli inkişaf yoluna qədəm qoydu. Ən başlıca sərvətimiz olan neftin xalqa, ölkəyə xidmət etməsi sahəsində Ulu öndər çox mühüm bir strategiya işləyib hazırladı. Eyni zamanda qeyri - neft sektorunda canlanma baş verdi, sahibkarlığın inkişafı üçün ölkədə münbit şərait yaradıldı. Beləliklə, Azərbaycan XXI əsrə böyük iqtisadi uğurlarla qədəm qoydu. Sonrakı dövrlərdə ölkəmiz idxalçı dövlətdən ixratçıya çevrildi. Bütün bu nailiyyətlər məhz Heydər Əliyev siyasi strategiyasının sayəsində qazanıldı.
10 may tarixi ümumbəşəri ideyaları özündə təcəssüm etdirən Heydər Əliyevin doğum gününü həm də xalqımızın başı üzərində doğan bir günəş kimi qəbul etmək olar. Bu gün də, gələcəkdə də bu günəşin sönməz şüaları xalqımızı, vətənimizi daim isidəcək, yolunda işıq saçacaqdır.
    Müstəqil və müasir Azərbaycan dövlətçiliyinin əbədi lideri, bu dövlətin memarı və qurucusu Heydər Əliyev tariximizin ən şanlı səhifələrinin ilk cümləsidir. Çünki bu tarixi o, özü yazıb, çünki bu tarix onun adı ilə bağlıdır.
Hazırda respublikamızda bizlərin əldə etdiyimiz bütün uğurların layihəsi, cizgisi məhz onun tərəfindən hazırlanmışdır və bu gün bu strateji kursu möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir.
    Bütün sahələrdə böyük miqyasda abadlıq - quruculuq işləri aparılır. 44 günlük Vətən Müharibəsində Şəhid olmuş mərd oğulların xatirəsi daim layiqincə yad edilir, onların ailələrinə, qəhrəman qazilərə, bütün müharibə iştirakçılarına diqqət və qayğı göstərilir. Mən də Şəhid pilot Xəyyam Əliyevin atasıyam. Əminliklə bildirirəm ki, Şəhid oğlum etdikləri xeyirxah əməllərə görə hazırda cənnətdə Ulu öndər Heydər Əliyevlə birlikdədir.
    Heydər Əliyevin həyatı Azərbaycan tarixinin böyük bir dövrü ilə üst - üstə düşür. Müstəqil Azərbaycan yaşadıqca onun baş memarı da yaşayacaqdır!

                                                                 Suraxanı RİHB-nin Əmircan qəsəbə
                                                                 inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
                                                                 ŞƏHİD ATASI Əlixan Əliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA