sedanews.az
sedanews.az

Rusiya-Ukrayna müharibəsi dayanmayacaq - Kreml böyük RİSKƏ GETDİ

14-06-2022, 11:41 301 dəfə baxılıb

   Fevralın 24-də başlayan Rusiya-Ukrayan müharibəsi ilə Avropanın şərqində yeni təhlükəsizlik zonası yaradılması istiqamətində ciddi savaş gedir. Hələlik Brüssel və Vaşinqton birlikdə hərəkət edir, Pekin və Moskva isə tərəfdaşlıqlarını dərinləşdirir, lakin hər şey göründüyü qədər də sadə deyil.
Yeni dünya nizamını müəyyənləşdirən dörd fövqəlgücdən Avropa İttifaqı, ABŞ, Çin və Rusiya hazırda bir-biri ilə ciddi yarış içərisindədirlər. Lakin bu yarışda təkbaşına qalib gələ bilmirlər, ona görə də mövqe mübarizəsinin qızışdığı bir vaxtda sözügedən güclər digər dövlətləri ətrafında birləşdirərək savaşı bu cür davam etdirmək məcburiyyətindədirlər. Çünkü bu savaşdan tək qalib ayrılmaq mümkünsüzə çevrilir.
   Hələlik Brüssel və Vaşinqton Moskva və Pekinə qarşı birləşib desək yanılmarıq. Doğrudur, Çin Ukrayna ilə müharibə fonunda Rusiyaya dəstəyini açıq göstərmək fikrindən çox uzaq kimi görünür, hətta əksini nümayiş etdirməyi məqsədəuyğun hesab edir. Lakin Aİ-də bəziləri artıq Vaşinqtonla tərəfdaşlığa son qoymaq və bir növ Avropa-Rusiya ittifaqı yaratmaq arzusundadırlar. Buna misal olaraq Almaniya və Farnsanın son sərgilədiyi mövqeyi misal göstərmək olar. Almaniya Ukraynaya hərbi dəstəyi bir xeyli azaltmaqla, Fransa isə Rusiya ilə təmasları artıraraq Vaşinqton başda olmaqla digər gücləri inandırmağa çalışır ki, yeni dünya düzəni Rusiyasız mümkünsüzdür. Onsuz da 2014-cü ildə Krımın ilhaqından sonra Aİ Rusiya ilə özünü yalnız vətəndaş cəmiyyəti və iqtisadi layihələrlə bağlı dialoqlarla məhdudlaşdıraraq, demək olar ki, bütün siyasi əlaqələri dayandırmışdı. Bununla belə, Kremllə münasibətlərin necə qurulacağı məsələsində görürük ki, avropalıların fikri haçalanır.
    Sovet İttifaqının varisi kimi Rusiya müəyyən mənada Amerikanın ənənəvi rəqibi olduğundan Vaşinqtonun bu mübarizədə Kiyevi dəstəksiz qoyacağı inandırıcı görünmür. Ağ Evin yeni rəhbəri Co Baydenin Kremlə daha çox tənqidi yanaşdığını və Moskvanı bütün qlobal və regional "oyunçu" kartını əlindən alaraq Rusiyanı dalana qısmaqda maraqlı olduğunu hər addımında açıq sezmək mümkündür. 
    Nəzərə alsaq ki, Ağ Ev yer üzündə ən güclü və iqtisadi cəhətdən uğurlu dövlət statusunu itirməkdən qorxur, o zaman Çinin Vaşinqton üçün əsas rəqib olaraq qalacağı nəzərə alınarsa, Rusiyanın zəiflədilməsi və müharibədən məğlub ayrılması Pekinin də işinə yaramıyacaq. Demək ki, ABŞ Ukraynanın müharuibədən qalib çıxması üçün Böyük Britaniya ilə birgə Ukraynaya lazımı dəstəyi sonadək davam etdirməkdən çəkilməyəcək. 
Gürcüstan münaqişəsi, Krımın ilhaqı, Suriya müharibəsi fonunda Moskvanı məyus etmək üçün Vaşinqton lazımı imkanı yaxalamasa Rusiyanın Ukrayna ilə müharibəsi Ağ Evin bu qarşıdurmada özünün qlobal əhəmiyyətini vurğulamaq üçün bütün səylərini ortaya qoyması baxımından yeni fürsət yaratdı.
   Çox güman ki, Rusiya bütün bu qlobal geosiyasi proeseslərin mərkəzində yer aldıqları zaman belə Avropanın onlar üçün enerji ixracı baxımından əsas bazar olaraq qalacağını zənn edirdi. Kreml bu yolla enerji təhlükəsizliyi məsələsindən istifadə edərək avropalıları parçalamaq və onları Vaşinqtondan ayırmaq barədə müəyyən planlar qururdu. Bu gün görürük ki, Rusiyanın bu planı artıq suya düşüb. Belə ki, bu yolla təsir dairəsini postsovet məkanından kənara çıxararaq Aİ-nin tam ürəyinə qədər uzanmaq niyyətində olan Rusiya "Şimal axını-2" kimi enerji sövdələşmələrindən imtina etmək üçün alternativ enerji mənbələrinin mövcudluğunu və bunun öhdəsindən gələ biləcəklərini nəzərə almayıb. Görürük ki, artıq Qərbin enerji təhlükəsizliyi məsələsini yoluna qoymaq üçün namizdələr də tapılıb və onlardan biri elə rəsmi Bakıdır.
   Son rəsmi məlumatlara (Müharibə Araşdırmaları İnstitutu) istinad etsək, görərik ki, Rusiya bir neçə istiqamətdə uğursuz həmlələr edib. Bunun əvəzində isə Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar. ABŞ və B.Britaniyanın Ukraynanı ən müasir silahlarla, hərbi texnikalarla təchiz etmək istiqamətindəki son addımları deməyə əsas verir ki, müharibənin qarşıdakı günləri Rusiya üçün daha çətin keçə bilər. Ukrayna prezidenti Volodimir Zelenskinin "İyunda Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər" açıqlamasını eytməyə də məhz görünür Kiyevə hərbi yardımlarla verilən vədlərin böyük və ən əhəmiyyətli bir hissəsinin artıq yerinə uyetirilmək üzrə olduğu məsələsi məcbur edir. Müxtəlif mənbələrdən yayılan məlumatlarda isə Ukraynadan fərqli olaraq isə Rusiyanın hərbi arsenalının tükənməyə doğru getdiyini, savaş daha bir neçə ay uzanarsa rus hərbiçilərinin ciddi silah-sursat çatışmazlığı ilə qarşılaşmaq ehtimallarının olduğu bildirilir.
   Əslində proseslər daha qorxulu xarakter almağa doğru gedir. Qarşıda itirilmiş ərazilərini son qarışına kimi geri qaytarmaqda qərarlı görünən bir Ukrayna xalqı, ordusu, höküməti və onlara dəstək verən dövlərlər var, digər yanda isə sanksiyalarla əl-qolu bağlanan, iqtisadi imkanları günü-gündən zəifləməyə doğru gedən, hərbi potensialının ağır günlər yaşacağı istisna edilməyən bir Ruisya. Belə olan halda isə Ukraynadakı müharibənin dünyada nüvə arsenallarının böyüməsinə yol açacağı qaçılmaz ola bilər. 
   Rusiya və Ukrayna arasında davam edən müharibənin bu qədər uzun çəkəcəyi əvvəlcədən gözlənilən idi. Çünkü bu müharibə çox böyük geosiyasi və geoiqtisadi proseslərlə, dünyanın yeni düzəni ilə bağlıdır. Konkret desək, bu müharibə hələ davam edəcək. Ona görə ki, hərbi əməliyyatların dayandırılması bəzi qüvvələrin maraqlarına cavab vermir. Öz maraq və ambisiyalarını həyata keçirməkdə israrlı görünən bu qüvvələr Avropanın enerji təhlükəsizliyi, demoqrafik siyasət, nəqliyyat kommunikasiyası məsələsində istəklərinə nail olacaqları müddətə qədər müharibənin dayanmaması üçün əllərindən gələni edəcəklər.
  Görünən budur ki, Rusiya da öz növbəsində girdiyi Ukrayna bataqlığından təmiz çıxmaq üçün kapitulyasiyaya nail olaraq məsələni kökündən həll etmək məsələsində qərarlıdır. Kreml istəmir ki, müharibə müəyyən danışıqlar, razılaşlamalar əsasında dayandırılsın. Çünü Moskvada düşünürlər ki, müharibə yarıda dayanacağı təqdirdə Ukrayna güc-qüvvə topladıqdan sonra Rusiyaya qarşı "işğal edilən torpaqların azadlığı uğrunda" şüarı ilə növbəti müharibəyə hazırlaşdırılacaq. Bu isə sanksiyalarla sarsılmağa doğru gedən, iqtisadiyyatının buna uzun illər tab gətirə biləcəyinə ümidlər heç də böyük olmayan Rusiya üçün böyük səhv ola bilər. Bu məqsədlə Rusiya höküməti dəmiri isti-isti döymək məsəli ilə yola çıxaraq, isti izlərlə prosesi yekunlaşdırmaq niyyətindədir.
Moskva hesab edir ki, onun Ukraynaya toparlanmaq, daha güclü şəkildə qarşısına çıxmaq şansı vermək Rusiyanın daha çətin duruma düşməsi ilə yekunlaşa bilər, bu ehtimallar daha yüksəkdir. Moskva onu da hesaba qatır ki, bu gün Rusiyanın zəifləməsini istəyən əsas rəqibləri ilə yanaşı, növbəti mərhələdə onun işğalının qurbanı olmaq ehtimalı çox olan, özünü Kremlin növbəti hədəfi görən dövlətlər də Ukraynaya hərbi, maddi-texniki yardımını daha da artıracaq ki, Kiyev Moskvadan bu qisası almaqla yanaşı, Rusiyanın müqavimətini də uzunmüddətli qırsın. Odur ki, müharibə aparan tərəflər və bu müharibədə tərəflərə dəstək nümayiş etdirən tərəflər savaşın davamında maraqlıdırsa, indiki məqamda hər hansı bir sülhdən danışmaq yersizdir. 
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA