"Rusiya ilə Ukrayna arasında uğurlu dialoq baş tutmadı. İqtisadi olaraq ciddi itkilər vermiş və sanksiyalarla daha da çökən Rusiya geri addım atmır".
Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5" jurnalının Bakı mərkəzli Qafqaz və Orta Asiya üzrə nümayəndəsi
Ruslan İmamquliyev deyib.
Ekspert bildirib ki, Ruisya ordusu daxilində idarəetmədə xaos hər keçən gün artmaqdadır:"Ukrayna tarixində ilk dəfə bu qədər ciddi milli dirəniş göstərməkdədir və hər hansı haqsız tələblə razılaşmanın suverenliklərinin itirilməsi olacağını çox yaxşı bilirlər.
Diplomatik olaraq dünyanın əksəriyyət böyük dövlətləri Ukraynanı dəstəkləyirlər. Avropa dövlətləri təhlükənin fərqindədirlər və tampon bölgə olaraq Ukraynada gedən döyüş əməliyyatlarını silah, texnika, təchizat və maddi resurslara təmin edirlər. Hətta əldə etdiyi maddi dəstəklər sayəsində Ukrayna yeni beynəlxalq dirəniş ordusu qurmaq istiqamətində niyyətini elan etdi və fəaliyyətləri başlatdı.
İnformasiya müharibəsi sahəsində Rusiya qərbin qoyduğu əngəllərlə tam blokada vəziyyətindədir. Bu səbəblə təsir və maraq sahələrində Ukrayna propaqanda imkanları ilə tam üstün vəziyyətdədir.
Döyüş sahəsində hədəf müəyyən etmədə ciddi çətinliklər var. Rusiya ordu birləşmələri bütün istiqamətlərdə təhlükə ilə üzləşirlər. Ordu içərisində idarəetmədə xaos hər keçən gün artmaqdadır, ordu ilə siyasi iradə arasında ciddi fikir ayrılığı var. Tam tərsinə Ukrayna ordusu öz siyasi rəhbərinə tam etimad edir. Rusiyada xalq müharibəyə qarşıdır və ciddi narazılıqlar var.
Rusiya hələ də havada üstünlük əldə etməyib. Müharibə sahəsi barədə digər texniki vasitələrlə məlumat alma imkanının məhdud olduğu bir vaxtda bu əməliyyat sahəsində kor vəziyyətdə olmaq deməkdir. Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığı baxımından Ukrayna ordusuna önəmli dəstək var. Hədəflər dəqiqliklə müəyyən olunur və resurslar səmərəli sərf edilir. Radio elektron mübarizədə Ukrayna qərbin dəstəyi ilə tam üstün vəziyyətdədir. Rus ordusunun rabitə vasitələrindən effektiv istifadə edə bilməməsi əməliyyatların icrasında və yaranmış vəziyyət üzrə çevik qərar vermədə nöqsanlara yol açır.
Müharibənin ilk günlərində rahatlıqla hərəkət edən Rusiya ordusu artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Təminat yolları kiçik qruplarla Ukrayna ordusunun nəzarətindədir. Texnikalar ya hərəkət edə bilmir ya da istifadə etməyə döyüş sursatları yoxdur. Rus əsgərləri aclıqla mücadilə edirlər. Onlara komandirləri tərəfindən deyilənin tərsinə yerli rus əsilli ukraynalılar belə köməklik göstərmirlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.