Dövlət Agentliyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlıq sənədi imzalanıb - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıb.
Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərimizlə bağlı həyata keçirilən geniş miqyaslı dəstək tədbirlərindən bəhs olunub. Bu tədbirlərin bir istiqamətinin də qazilərimizin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı olduğu vurğulanıb.
İmzalanan əməkdaşlıq sənədinin də Vətən müharibəsində yaralanmış qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi, ümumən onların ehtiyaclarına uyğun digər tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə müharibədə yaralanmış və əlilliyi müəyyən edilməmiş şəxslərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi və reabilitasiya xidmətləri ilə təmin olunması istiqamətində əməkdaşlıq edəcək.
Qarşılıqlı zəruri məlumatların ötürülməsi təmin ediləcək. “YAŞAT” Fondu tərəfindən Agentliyə yönləndiriləcək Vətən müharibəsi iştirakçılarının reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.