sedanews.az
sedanews.az

Prezident İlham Əliyev: “On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”

31-01-2022, 11:17 359 dəfə baxılıb

         Prezident İlham Əliyev: “On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”


“Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram.”
REAL-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.
“Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev son illərdə Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıqlarını bildirib və bu layihələrin böyük əksəriyyətinin öz həllini tapdığını vurğulayıb: “Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır.
Qazlaşdırma layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın.
Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.
Bildiyiniz kimi, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur.
Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi.
Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA