sedanews.az
sedanews.az

Dil hər bir millətin mənliyinin əsasıdır

1-08-2022, 16:07 267 dəfə baxılıb


    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu onun mənəvi borcudur. 
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.  Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir.
   Azərbaycanın dilçi alimlərinin bilavasitə iştirakı ilə XX əsrin 20-ci illərinin sonunda respublikanın azsaylı xalqlarının-ləzgilərin, avarların, saxurların, tatların, talışların, kürdlərin, udilərin latın qrafikalı əlifbaları yaradıldı. Lakin 1938-ci ildə SSRİ rəhbərliyinin kobud müdaxiləsi nəticəsində Azərbaycanda dil quruculuğunun təbii inkişaf axarı pozuldu. Mərkəzi hakimiyyətin qərarı əsasında azsaylı xalqların yeni yaradılmış əlifbaları ləğv olundu. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından Kirill qrafikasına keçmək haqqında qərar qəbul etdi.
   Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
   Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.    Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Azərbaycan prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi və 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olundu.
  Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır !


Könül Namazova 
Suraxanı rayonu 118 nömrəli 
tam orta məktəbin müəllimi 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA