Azərbaycan Ordusunun bir neçə gün öncə Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.
Azərbaycan Ordusunun bir neçə gün öncə Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq, müvafiq qaydada ərazidən təxliyə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.
Xatırladaq ki, ötən həftə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azmışdılar.
Hərbi qulluqçuların tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılmışdı. Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılmış, onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülmüşdü.