sedanews.az
sedanews.az

Rəşid Behbudovun ölümünə səbəb olan foto - Şahid danışır

11-06-2024, 09:25 238 dəfə baxılıb


  Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun qızı Rəşidə Behbudova müsahibəsində atasının 35 il öncə kasetə görə öldürüldüyünü bildirib. Onun sözlərinə görə, həmin lentdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ (keçmiş - red.) barədə bəzi qərarlar olub. Bundan başqa, sənətkarın Hindistanda ikən Stepan Şaumyanın məzarını gördüyünü və bunu ictimailəşdirməyə çalışdığını bildirib.
  Kult.az xəbər verir ki, politoloq Cümşüd Nuriyev Globalinfo.az-a açıqlamasında həmin vaxt Rəşid Behbudovun bəzi məlumatları yaymağa çalışdığını bildirib.
“1989-cu ildə Qarabağ Komitəsində çalışırdım. Rəşid Behudov komitəyə sədrin – Bayram Bayramovun yanına gəlmişdi. O, həmin zaman Hindistandan qayıtmışdı. Onlar səfərdə olanda tərcüməçi ona Stepan Şaumyanın yaxınlarda dünyasını dəyişdiyini və qəbrinin məhz Hindistanda olduğunu deyib. Bunu eşidən R.Behbudov gedib onun qəbrini lentə alıb. Bunu Təhlükəsizlik orqanlarına dərhal xəbər vermişdilər. Çünki Şaumyanın qəbrini ermənilər tamamilə gizli saxlamağa çalışırdılar”, - o söyləyib.
Politoloq deyib ki, ermənilər Şaumyanın vəhşiliyini gizlətmək üçün əllərindən gələni ediblər:
“Hətta ermənilərin Şaumyanla bağlı izi itirməsi üçün 1965-ci ildə gorbagor Mikoyan Bakıya gəlib. Təsəvvür edin, Şaumyan və 26-larla əlaqəli nə qədər orijinal sənəd var idi, hamısını Birinci katib Vəli Axundovun razılığı ilə yığıb aparıb. Beləliklə, materialın izini tamamilə itirirlər.
Şaumyan Azərbaycanda çox böyük vəhşiliklər törədib. Birmənalı şəkildə Bakı qırğınlarının müəlliflərindən biridir, Şamaxıda, Qubada baş verən qırğınlarda əli var. Çünki Lalayan onun “sağ əli” olub.
Qayıdaq kaset məsələsinə…
Rəhmətlik Rəşid Behbudov lentə aldığı görüntüləri gətirəndə dedik ki, bunu mətbuatda yayaq, beləliklə səni qorumuş olacağıq. Doğrudan da material yayıldıqdan sonra onun təhlükəsizliyi təmin olunacaqdı. Hətta biz xəbəri “Azərbaycan qəzeti”ndə vermək istəyirdik. Behbudov dərhal razı olsa da, o söhbətdən xəbəri olan kimsə daha tez addım atdı, nəticədə sənətkar öldürüldü. Təəssüf ki, həmin kaseti əldə edə bilmədik”.
Politoloq Stepan Şaumyanın qəbrinin fotosunu gördüyünü deyib:
“O fotonu Rəşid Behbudov bizə göstərmişdi. Dəqiq bilirik ki, videosu da var idi. Getdi həmin görüntüləri gətirməyə, elə onda da öldürdülər. Hətta açıq şəkildə deyirəm ki, Behbudovu ermənilərin əli ilə KQB öldürdü. Qorbaçov da onların ortağı idi. Şaumyan kimi şərəfsizlərdən bizə qarşı ideoloji silah kimi istifadə edirdilər. Açığı, Azərbaycanda onun qohumları da güclü idi”.
Cümşüd Nuriyev həmin gizli kasetdə Dağlıq Qarabağ barədə bəzi qərarların olması məsələsinə toxunub:
“R.Behbudov deyirdi ki, Qorbaçov, həyat yoldaşı və İspaniyada yaşayan erməni milyarder Gülbekyan soyadlı şəxs Aralıq dənizində sualtı qayıqda görüş keçiriblər. Həmin görüşdə Gülbekyan Raisa Maksimovnaya brilyantla bəzədilmiş, qiyməti hələ o vaxt 300 milyon dollar olan paltar (don) hədiyyə edib. Bundan başqa da qızıl dəsti veriblər. Çünki Gülbekyan qızıl satışı ilə məşğul idi. Behbudov bütün bunların hamısının sübut olaraq kasetdə olduğunu desə də, gətirib yaya bilmədi. Daha doğrusu, imkan vermədilər. Təəssüf ki, kaset haqda məlumat necəsə yayılmışdı. Səhv etmirəmsə, dahi sənətkarı bundan sonra zəhərlədilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA