sedanews.az
sedanews.az

Səməd Vurğun və Gürcüstan: şairin ulu babasını gürcü çarı ilə nə bağlayır? - ARAŞDIRMA

27-05-2021, 15:50 1 689 dəfə baxılıb

Səməd Vurğun və Gürcüstan: şairin ulu babasını gürcü çarı ilə nə bağlayır? - ARAŞDIRMA

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun vəfatından 65 il ötür.
“Report”un yerli bürosu Gürcüstanın Milli Parlament Kitabxanasının arxivindən böyük şairlə bağlı əldə etdiyi qəzet və foto materiallar əsasında məqalə hazırlayıb.
“...1956-cı ilin mayın 12-də Bakıda Səməd Vurğunun anadan olmasının 50 illiyi qeyd olunurdu. Yubilyara böyük minnətdarlıq, sevgi, hörmət və heyranlıqlarını ifadə etmək üçün çoxsaylı dostları və istedadının pərəstişkarları - K.Simonov, Q.Leonidze, N.Zaryan, Q.Qulyam və digərləri müraciət edirdilər. Təəssüflər olsun ki, opera teatrının dolu zalında yubilyarın özü yox idi. Şair ağır xəstəliklə yatağa düşmüşdü. 1956-cı ilin mayın 27-də onun ürəyi dayandı. 1961-ci ildə Bakıda Azərbaycan Xalq şairinin heykəlinin açılışı olub”.
Bu sətirlər “Sovet Acarıstanı” qəzetinin 1966-cı il martın 20-də dərc olunan sayında “Həyata vurğun. Səməd Vurğunun 60 illiyinə” (“Влюбленный в жизнь. К 60-летию со дня рождения Самеда Вургуна) başlıqlı məqalədə yer alıb.
Azərbaycanlı şairin həyat və yaradıcılığından ətraflı bəhs edən məqalənin müəllifi N.Qoquadze Vurğun təxəllüsünün mənasını oxuculara belə izah edib: “Səməd Yusif oğlu Vəkilov Azərbaycan şairlərinin qədim ənənələrinə uyğun olaraq yaradıcılıq yolunun başlanğıcında bu təxəllüsü seçərək oxucuların düşüncəsində özünün xarakterinə xas ən zəruri cəhəti vurğulayıb. Lakin burada söhbət konkret sevgiliyə deyil, həyatın özünə və ona sadiq xidmətə vurğunluqdan gedir. Səməd Vurğun bu cür olub və həyatının sonuna qədər də belə qalıb”.
Qeyd olunub ki, S.Vurğun yalnız şair və dramaturq deyil, eyni zamanda Rusiya və qardaş xalqların ədəbiyyatlarından tərcümələrin də müəllifi olub. O, Puşkinin “Yevgeni Onegin”, Qorkinin “Qız və ölüm” poeması, Lermontov, Şevçenko, Mayakovski və digərlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. Şair böyük məsuliyyət hissi ilə Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının bir hissəsinin tərcüməsi üzərində çalışıb.
Müəllifin fikrincə, “Azərbaycan” şeiri S.Vurğunun ən yaxşı əsərləri sırasında yer alıb və bu əsər doğma diyar, onun yaradıcı və qurucu, azad xalqından ilhamlanmış nəğmədir.
Adıçəkilən qəzetin 1976-cı il 26 noyabr tarixində işıq üzü görən sayında şairin 70 illiyinə həsr olunan “Şair, vətənpərvər, dost” sərlövhəli məqalə də dərc edilib. Müəllifi o zamankı “Sovet Gürcüstanı” qəzetinin redaktoru Süleyman Süleymanov olan yazıda Gürcüstanın Xalq şairi Giorgi Leonidzenin S.Vurğun haqqında dediyi fikirlər yer alıb: “Səməd Vurğun bizim dostumuz, daha dəqiq həmyerlimizdir. O, Kürün sahilində, Gürcüstanla sərhəddə yerləşən Qazax rayonunun Salahlı kəndində anadan olub. Yeri gəlmişkən, rəvayətə görə Səməd Vurğunun ulu babası Alı ağa gürcü çarı II İraklinin dostu olub və ona yadellilərə qarşı mübarizədə kömək göstərib”.
Gürcü şair S.Vurğunun yaradıcılığına yüksək qiyməti bu sözlərlə ifadə edib: “Səməd Vurğun Azərbaycan sovet ədəbiyyatının balı və südü, duzu və çörəyidir”.
Məqalədə qeyd olunub ki, 1954-cü ildə sovet yazıçılarının ümumittifaq qurutlayında S.Vurğun məruzəsində Q.Tabidze, Q.Leonidze, S.Çikovani, K.Kaladzenin poetik irslərini təhlil edib, Ş.Rustaveli, İ.Çavçavadze, A.Tsereteli kimi dahilərin adlarını xatırlayıb.
Müəllif şairin hələ 1935-ci ildə Tbilisidə “Şeirlər və poemalar” kitabının nəşr olunduğunu yazıb. 1940-cı ildən etibarən Gürcüstan mətbuatında S.Vurğunun şeir və poemaları mütəmadi çap olunub, 1958-ci ildə şairə Leyla Eradzenin tərcüməsində onun əsərlərindən ibarət “Seçilmişlər” kitabı işıq üzü görüb. 1975-ci ildə gürcü dilində nəşr olunan “Sovet Azərbaycanı şairlərinin şeirləri” adlı kitaba şairin bir sıra şeirləri daxil edilib. “Merani” nəşriyyatında S.Vurğunun 70 illiyi münasibətilə şair Karlo Kaladzenin redaksiyası altında gözəl tərtibatda “Səməd Vurğun” kitabı çapdan çıxıb.
Arxiv qəzet materialları arasında azərbaycanlı şairin 1942-ci ilin avqustun 23-də Tbilisidə keçirilən antifaşit mitinqində “Bizim andımız” adlı çıxışına da rast gəlinir. “Şərqin şəfəqi” (“Zarya Vostoka”) qəzetinin həmin ilin 24 avqust tarixli sayında yerləşdirilən nitqdə S.Vurğun mitinq iştirakçılarını faşist işğalçılarına qarşı mübarizəyə çağırıb: “Düşmən şanlı Azərbaycanı işğal etmək istəyir, onu Abşeronun neft mənbələri, ağ qızılla örtülən Muğan çölləri cəlb edir. Düşmən Azərbaycan xalqını əsarətə almaq və yer üzündən silmək istəyir. Lakin alman işğalçıları azad və xoşbəxt Azərbaycan torpağında, poeziya dahisi Nizami Gəncəvinin uyuduğu torpaqda olmayacaq”.
S.Vurğun çıxışında Azərbaycan xalqının məğrur və azadlıqsevər olduğunu qeyd edib: “Çiyinlərində azadlıq və müstəqilliyi uğrunda minillik usanmaz mübarizə, Koroğlu və Babəkin şan-şöhrəti olan xalq düşmənə doğma torpağı tapdalamağa heç vaxt imkan verməyəcək... Bu gün də Azərbaycan xalqı cəbhəyə ən yaxşı oğul və qızlarını yollamaqla ölməz əcdadlarının qəhrəmanlıq ənənələrinə sadiq qalır... Faşist işğalçıları Zaqafqaziyaya daxil ola bilməyəcəklər! Ölərik, amma Hitler ordusunu müqəddəs torpağımıza buraxmarıq. Qardaşlar, şir kimi döyüşək və bilin ki, Vətən uğrunda ölüm ölümsüzlükdür”.
Gürcüstanın Mərkəzi Kitabxanasının “Azərbaycan fotoxronikası” bölməsində saxlanılan şairin arxiv fotoşəkillərində övladları, qardaşı Mehdixan Vəkilov (1932), rus şairi Mixail Şoloxov, gürcü və erməni şairləri - Giorgi Leonidze və Geqam Saryan, ovda olması əks olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA