sedanews.az
sedanews.az

Yaşlılar üçün xüsusi təcili tibbi yardım: Azərbaycanda bu sistemin tətbiqi mümkündür?

15-11-2021, 12:16 394 dəfə baxılıb

Yaşlılar üçün xüsusi təcili tibbi yardım: Azərbaycanda bu sistemin tətbiqi mümkündür?

Türkiyədə 65 yaşdan yuxarı şəxslərin daha yaxşı və operativ təcili tibbi yardım xidməti alması üçün xüsusi sistem yaradılır. Ancaq belə sistemin Azərbaycanda tətbiqinə münasibət birmənalı deyil.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün ayrıca Təcili Tibbi Yardım xidmətinin formalaşdırılmasına başlanılıb. Avropa Birliyinin maliyyə yardımı ilə reallaşacaq pilot layihənin icrasına yaxın zamanlarda başlanacaq. Türkiyənin Təcili Tibbi Mütəxəssislər Dərnəyinin Başçısı Prof. Dr. Başar Cander layihə haqqında danışarkən bildirib ki, bu, dünyada ilkdir: “Yaşlı əhali tədricən artır. Onların sağlamlıq problemləri də fərqlidir. Bu layihəmiz Avropada böyük maraq gördü. Avropa Birliyi tərəfindən dəstək aldı. Dünyada belə bir xidmət yoxdur. İlk olaraq Türkiyədə bu sistemi qurmağa başlayırıq. Yalnız yaşlılara yönəlmiş təcili xidmət olacaq”. Maraqlıdır, belə bir sistemin ölkəmizdə də qurulmasına ehtiyac varmı? Hansı cəhətdən effektli ola bilər? Belə bir layihənin ölkəmizdə tətbiqi hazırda nə dərəcədə real görünür?
Təcili yardıma tez-tez müraciət edən qrup
Tibbi ekspert Şəmsiyyə Namazova deyir ki, 65 yaşdan yuxarı şəxslər üçün ayrıca təcili tibbi yardım xidmətinin yaradılması bir neçə səbəbdən əhəmiyyətlidir: “Demoqrafik göstəricilərə nəzər salsaq, görərik ki, 65 yaşdan yuxarı insanların sayı artıb. Digər tərəfdən, bu yaş qrupundakı insanlarda xroniki xəstəliklər daha çox olur. Ürək-damar, dayaq-hərəkət, yuxarı tənəffüs yolları, endikrinoloji və s. xəstəliklərə yaşlı insanlarda daha sıx rast gəlinir. Yaşlı insanların əksəriyyəti şəkər xəstəsi kimi qeydiyyatdadırlar. Əksəriyyəti təcili tibbi yardıma tez-tez müraciət edir. Yəni bu yaş qrupu üzrə təcili tibbi yardım çağırışları ildən-ilə artır. Bu səbəblər qeyd etdiyimiz qrup əhaliyə daha xüsusi diqqət göstərilməsini vacib edir”.

Pandemiya dövründə olsaydı…
Ş.Namazova bildirdi ki, hazırda ölkədə belə bir xidmət olsaydı, koronavirusu ağır keçirən yaşlı şəxslərə daha operativ xidmət göstərilərdi: “Yaşlı şəxslər bu virusa qarşı daha həssasdırlar, eyni zamanda xroniki xəstəlikləri olanları da çoxdur. Pandemiya ilə əlaqəli çağırışlar olanda təcili tibbi yardım çağırışlara növbə ilə gedir. Amma 65 yaş üzəri şəxslər üçün ayrıca tibbi yardım olardısa, onlara daha tez xidmət göstərilə bilərdi”.
Xəstəliyin ağırlaşmaması üçün
Tibbi ekspertin sözlərinə görə, xəstəliklərin ağır fəsadla nəticələnməməyi üçün yaşlı şəxslərə vaxtında təcili tibbi yardım xidməti göstərilməsi vacibdir: “Düzdür, indi xəstəliklərin cavanlaşdığını deyirik, amma klinik gedişata baxanda yuxarı yaş qruplarında olanların təcili yardıma daha çox müraciət etdiyini görürük. Hipertonik krizislər, insultdan sonrakı kritik dövr olur. O şəxslərdə həmin xəstəliklər xroniki formaya keçir. Ömür boyu o xəstəliklə bağlı narahat olurlar. Deyək ki, təzyiq qalxıb, həm də şəkərli diabetdir. Bu hal, an içərisində insulta səbəb ola bilər. Təcili Tibbi Yardım isə ümumi çağırışlara sıra ilə gedir. Yaşlıları önə çəkmirlər. Ancaq sırf yaşlıların çağırışlarına baxan xidmət olsa, onların yardımlarına daha tez çatarlar. Bu, həmin şəxslərdə xəstəliklərin fəsadlaşmasının qarşısını alacaq. Vaxtında ilkin yardım göstərilməyəndə bəzən problem çox dərinləşir, ağırlaşır. Təcili Tibbi Yardım daha tez çatsa, ilkin yardım daha tez göstərilsə, problemlər daha dərin səviyyəyə gəlməz”.
Azərbaycanda real görünmür
Millət vəkili Müşfiq Məmmədli deyir ki, Türkiyədə planlaşdırılan 65 yaşdan yuxarı şəxslər üçün ayrıca təcili tibbi yardım xidmətinin üstün tərəfləri var, ancaq hazırkı dövr üçün ölkəmizdə tətbiqi o qədər də real görünmür: “Həm səhiyyənin kadr resursları baxımından o imkan yoxdur, həm də bu istiqamətdə ayrıca xidmətin təşkilinin effektivliyi yüksək olmayacaq”.
Ailə həkimliyi institutu
M.Məmmədlinin sözlərinə görə, hazırda Azərbaycanda formalaşdırılan Ailə Sağlamlıq Mərkəzləri və ailə həkimliyi institutu bütün yaş qruplarında olan şəxslərin sağlamlığının nəzarətdə saxlanması cəhətdən önəmli olacaq: “Ailə həkimliyi institutu ailədə olan fərdlərin hər birinin sağlamlığını nəzarətdə saxlayacaq, lazım olduqda icbari, yaxud könüllü dispanserizasiyasını həyata keçirəcək. Davamlı şəkildə ailə üzvlərinin sağlamlığı haqqında məlumatlara malik olacaq. 2000-2500 şəxsin bir ailə həkiminə bağlı olması nəzərdə tutulur. Bu, təxminən 400-500 ailə edir. Həm yaxınlıq, həm də həkimə etibarlılıq baxımından kifayət qədər dayanıqlı sistemdir. Ailə həkimliyi institutu və Ailə Sağlamlıq Mərkəzləri icbari tibbi sığorta çərçivəsində aparılan islahatlarla özünün strateji hədəfinə yaxınlaşsa, bu, bizim səhiyyə sistemimizdə 65 yaş üstü insanları da əhatə etmək baxımından kifayət edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA