İlham Əliyevi Xudafərinə aparan qüvvə..
Prezident İlham Əliyev yenə təəccübləndirməkdə davam edir. Ötən gün heç kəsin gözləmədiyi halda düşmən tapdağından azad edilən rayonlara – Füzuli və Cəbrayıla səfər etmək heyrətamiz bir addım idi...Yenə ön cəbhədəDöyüş meydanında savaşın bitdiyi, ən ağır, yorucu və gərgin diplomatiya savaşının başladığı, təbliğat savaşının isə bir ayrı müstəviyə keçdiyi kimsəyə sirr deyil.
İndi meydanı udan zabitlər geri çəkilməyib, məhz azad etdikləri torpaqlarda dayanıblar, meydanı isə diplomatlara buraxıblar.
Nə qədər ki zabitlər öndəydi, Ali Baş Komandan Orduya birbaşa nəzarət edir, bütün təzyiqləri öz üzərinə çəkir, hamısı ilə təkbaşına mübarizə aparır, paralel olaraq ölkələrlə müzakirələri, müharibənin iqtisadi, siyasi, maddi yükünü daşıyır, həmçinin təbliğatı da aparırdı – 44 gün müddətində dünyanın ən məşhur media qurumlarına müsahibələr vermişdi. Bəzi hallarda bu müsahibələrdə jurnalistlərin “prokurorluq” iddiasına da səbirlə dözmüş və təbliğatı yalnız sona qədər davam etdirməmişdi, həm də “prokurorları” jurnalistə döndərmişdi.
İndi diplomatiya başlayıb və Prezident yenə öndədir: həm diplomatiyada, masada, həm də təbliğatda.
Səfərin əsas hədəfiƏlbəttə ki, Ali Baş Komandanın dünən Füzuli və Cəbrayıla səfəri eyni zamanda təbliğat mahiyyəti daşıyırdı: ermənilərin dağıdıb məhv etdiyi yaşayış məskənləri Prezidentin, Birinci vitse-prezidentin öz təqdimatında bütün dünyaya göstərilirdi.
Ona görə bu səfər başdan-başa mesajlarla dolu idi:
1. Prezident hərbi formada idi – xalqa və dünyaya nümayiş etdirdi ki, torpaqları alan Ordunun önündə duran odur!
2. Xudafərini ziyarət sıradan hadisə deyildi. Xudafərin körpüsü tarixi abidə deyil, həm də böyük yaddaşdır, qayıdışdır, təsəvvürlərimizdə kök salan birliyimizdir, vüsal körpüsüdür.
Eyni zamanda İrana möhtəşəm mesaj idi Xudafərini ziyarət. Cənub qonşumuzla fərqli bir iqtisadi-siyasi yaxınlaşmanın ismarışı idi.
3. İşğaldan azad olunan torpaqlara gedən Ali Baş Komandan sükan arxasına keçməklə bu torpaqların əsl sahibi olduğunu göstərdi.
4. Prezident elan etdi: ermənilərin vəhşiliyini, dağıdıcılığını baxın, görün və bilin – bu xarabazara çevrilən yurd yerlərimizi bərpa edəcəyəm, şəxsən özüm!
Bu, yalnız cəsarət deyildiHələ ərazilərin minalardan təmizlənməsi prosesi başa çatmayıb; hələ sülh sazişi hazır deyil, yalnız atəşkəs elan olunub; hələ torpaqlarımızdan erməni silahlı birləşmələri çıxmayıb; Ermənistanın hərbi komandanlığına tabe olmayan başıpozuq dəstələr üçlü Bəyanatı qəbul edib, ərazilərimizi təhvil vermək istəmirlər; hələ terror təhlükəsi davam edir...
Buna baxmayaraq, ölkə rəhbərliyi içərisində azad edilən torpaqlara ilk səfəri Prezident özü edir – həm də ailəsi ilə, ölkənin Birinci xanımı və Birinci vitse-prezidenti ilə birgə.
Bu, təkcə böyük cəsarət deyil, mərdlik nümunəsi də deyil...
Bu, Prezidentin Orduya, təhlükəsizlik qüvvələrinə, xalqa inamıdır.
Bunlardan da əvvəl Ali Baş Komandanın Yurda, Vətənə, Torpağa inamıdır. Prezidenti ora çəkib aparan Vətənə inamı, yurda sevgisi, xalqa güvəni, arxalanmasıdır!
Bu Güvən, bu İnam, bu Sevgi ilə İlham Əliyev Azərbaycan tarixinə möhtəşəm 44 günü yazdı!
Bu İnam və Sevgi ilə də Vətən bütövləşir, işğaldan azad edilən yurdumuzdakı xarabalıqların gülüstana dönəcəyi elan edilir...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.