sedanews.az
sedanews.az

“Əməliyyat zamanı ayağımdan yaralansam da, döyüşə davam etdim, çünki komandir idim...”

9-12-2020, 11:44 508 dəfə baxılıb

“Əməliyyat zamanı ayağımdan yaralansam da, döyüşə davam etdim, çünki komandir idim...”



İkinci Qarabağ Savaşında iştirak edən döyüşçülərimizdən biri də Xüsusi Təyinatlı Bölüyün rəisi kapitan Babayev Azər Dilavər oğludur. Moderator.az döyüşçümüzlə müsahibəni təqdim edir:

- Azər, ilk öncə özünü oxucularımıza təqdim edərdin...
- Babayev Azər Dilavər oğlu. 1980-ci ildə Cəlilabadda anadan olmuşam. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 1998-ci ildə isə Hərbi Akademiyaya daxil olmuşam. 2002-ci ildə leytenant rütbəsi almışam. 2019-cu ilə kimi orduda xidmət etmişəm. İyirmi il xidmət etdikdən sonra kapitan rütbəsiylə ehtiyata buraxıldım. Ailəliyəm, üç övladım var və kiçik oğlum aprel döyüşlərində dünyaya gəlib. Hansı ki, onda mən əməliyyatdaydım. 

- Onda belə məlum olur ki, 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etmisiniz...
- Əlbəttə, aprel döyüşlərində Lələ təpə istiqamətində uğurlu əməliyyatımız olub. Kəşfiyyat tapşırığı yerinə yetirmişik. Hər iki döyüşdə isə mənə rütbə verilib. Yəni aprel döyüşlərində kapitan rütbəsi verildi, İkinci Qarabağ Savaşında isə mayor rütbəsi verilməsi üçün təqdimatım verilib. Özüm xarici ölkələrdə Xüsusi Təyinatlıların kursunu keçmişəm. Türkiyədə Xüsusi Təyinatlıların kursunu və bir də NATO-nun səngər döyüşləri kursunu keçmişəm. 

- İkinci Qarabağ Savaşına qədər ehtiyatda olarkən nə işlə məşğul olurdunuz?
- Bu illər ərzində mən məktəbdə hərbi müəllim işləmişəm. Hazırda müəllim kimi işimi yenə davam etdirirəm. Hərbidə isə Xüsusi Təyinatlıların bölük komandiri olmuşam. Bu il sentyabrın 21-də isə məni ordu sıralarına çağırdılar. Biz sentyabrın 27-də Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində kəşfiyyat əməliyyatına başladıq. Bu dəfə isə kəşfiyyat rəisi olaraq əməliyyata başladım. Biz qruplarla yüksəkliklərdə əməliyyatlar yerinə yetirirdik. 

- Ayağından yaralandığını demişdin bizə. Bu necə oldu?
- Noyabrın 8-də qələbə günü ayağımdan yaralandım. Əməliyyat zamanı düşmənin şok atəşi ayağıma dəydi, yəni təsadüfən atdığı kor gülləsi ayağımı yaraladı. Amma yıxılsam da, tez ayağa durub döyüşə davam etdim, çünki komandir idim. Əməliyyat başa çatdıqda sonra yaralanmağım barədə məruzə etdikdən sonra məni hospitala çatdırdılar. 

- Bəs bizim Xüsusi Təyinatlılar erməniləri niyə bu qədər vahiməyə salıb? Bu haqda danışmağınızı istəyərdik...
- Mən Türkiyədə əvvəldə qeyd etdiyim kimi Xüsusi Təyinatlıların komandir ixtisasını keçmişəm. Bizim tapşırıqlarımız odur ki, döyüşü, əməliyyatı dərinliklərdə, düşmən arxasında yerinə yetiririk. Bir də ki, bir xüsusi təyinatlı adi hazırlanmış 20 əsgərə, düşmənin isə 40 əsgərinə bərabərdir. Bizim işimiz əməliyyatları yerinə yetirməkdir. Biz adətən say çoxluğuna yox, döyüşçü qabiliyyətinə fikir veririk. Tapşırıqlarımız gecə yerinə yetirilir, yəni məxfi görmə şəraitində. Biz öz torpaqlarımız uğrunda ürəklə vuruşurduq. Düşmənin isə muzdluları pul qarşılığına bizə qarşı döyüşürdü. Biz əməliyyat zamanı bir şeyi fikirləşirik ki, ancaq nəticə olsun. Kəşfiyyatçılar həmişə ayıq-sayıq, sürprizlərə hazır olur. Bizim hərəkətlərimiz səssiz, cəld və sürətli olur. 

- Ümumiyyətlə, düşmən bu hücumlara qarşı necə müqavimət göstərirdi?
 - Düşmən çarəsiz qaldı və ona görə də qorxusundan hansı yola əl atdısa, heç biri alınmadı. Çünki onların silahları bizdə itkiyə səbəb olmadı. Əsas odur ki, qələbə çaldıq. Yaralı olsam da, yenidən döyüşə qatılmağa hazır idim, amma düşmən məğlubiyyət bəyannaməsi imzaladı və döyüşlər dayandı. Allah Ali Baş Komandanımızı, ordumuz, xalqımızı qorusun. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. 

Vasif Əlihüseyn 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA