Xalqın müdrik seçimi-15 oktyabr 2003-cü il
Xalqın müdrik seçimi-15 oktyabr 2003-cü il
Hər bir xalqın tarixində müəyyən məqamlar olur ki, həmin zaman verilən qərarlar, qəbul edilən seçimlər həmin xalqın tarixində dərin iz buraxır və ya həmin xalqın taleyini müəyyən edir.
1993-cü ildə Azərbaycan dövləti öz tarixinin çətin anlarını yaşayırdı. Məhz o zaman Azərbaycan xalqı öz doğru qərarını verdi, ulu öndər Heydər Əliyevi Azərbaycana rəhbərlik etməyə, Azərbaycanı xilas etməyə dəvət etdi.
İyunun 15-də Heydər Əliyev xalqın təkidi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Onun Ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında mühüm bir tarixi hadisə oldu. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtardı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı.
Müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu.
Azərbaycan qısa müddət ərzində Beynəlxalq Birliyin tam hüquqlu üzvlərindən birinə çevrildi. Dünyanın aparıcı şirkətləri ilə bağlanmış müqavilələrin həyata keçirilməsi, Qərb bazarına ilkin neftin nəqli ölkə iqtisadiyyatındakı böyük dəyişikliklərin əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan 3-cü minilliyə iqtisadiyyatı sürətli templə inkişaf edən, demokratik dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmiş dövlət kimi qədəm qoydu.
2003-cü ildə Azərbaycan xalqı yenə seçim qarşısında idi. Ulu Öndərin səhhətində problemlərin yarandığı bir zamanda Azərbaycan xalqı növbəti prezident seçkilərinə gedirdi. Müdrik Azərbaycan xalqı bu dəfə də 1993-cü ildə olduğu kimi öz doğru seçimini etdi, öz səsini Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevə verdi. Beləliklə, 15 oktyabr 2003-cü ildə İlham Əliyev Azərbaycan respublikasının prezidenti seçildi. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.
Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Bu gün Azərbaycan dünyada iqtisadiyyatı ən sürətli templə inkişaf edən ölkələr arasındadır.
Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi.
Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biri idi. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparırdı.
Nəhayət, xarici siyasətdə və ordu quruculuğunda görülən işlər öz nəticəsini verdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırılıb, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulub.
Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətin nəticəsində Azərbaycan bu qələbəni əldə etdi.
Bu gün biz dönüb 18 il əvvələ - 2003-cü ilin oktyabrında prezident seçkilərinə baxdıqda bir daha əmin oluruq ki, müdrik xalqımız ən doğru olanı seçib. Bu son 18 ildəki iqtisadi, sosial, mədəni nailiyyətlərlə birlikdə möhtərəm prezidentimiz 30 illik hərbi münaqişəyə son qoydu, doğma Qarabağımızı bizə qaytardı. Bu ən boyük Qələbəmizdir.
Suraxanı rayonu, Abil Səfərov adına 114 №li tam orta məktəbin
direktoru Novruzova Ceyran Kamal qızı