Moskvadan İrəvan və Bakıya Qarabağ mesajı - üstüörtülü, amma konkret
"Ermənistanla Azərbaycan arasındakı münaqişə əslində Sovetlər Birliyinin dağılmasının uzanan davamıdır. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə istənilən situasiyaya güc təsiri göstərmək üçün bütün vasitələrin tam mündəricatına malikdir. Lakin bu vasitələrdən istifadə etmək olmaz. Məsələn, Ermənistanın müttəfiqi Rusiyanın qoşunlarından Azərbaycana qarşı istifadə etmək olmaz. Çünki Ermənistan da, Azərbaycan da MDB üzvü olan dövlətlərdir. Deməli, problemin dinc həll yollarını aramaq gərəkdir".
KTMT-nin sabiq baş katibi Sergey Bordyuja Rusiyanın "Sputnik" agentliyinin Ermənistan redaksiyasının jurnalisti Armen Qasparyana verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, hər şeyə rəğmən Moskva münaqişənin dinc yollarla həllində maraqlıdır.
"Məhz bu səbəbdən Rusiya Federasiyasının prezidenti Vladimir Putin və XİN böyük müharibəyə yol verməmək üçün ekstraordinar qərarlar qəbul edirlər. Ermənistanla Azərbaycan sərhədində hazırda baş verənlər isə yolverilməzdir. Axı sərhəd məsələlərinin həllinin sivil vasitələri var", - N.Bordyuja söyləyib.
Onun sözlərinə görə, yaşanan problemdən diplomatik çıxış yolunu KTMT-nin əsas ölkəsi qismində Rusiya arayır.
"Qarabağa gəldtikdə isə, orada hər şeyin başa çatdığını sanmıram. Əvvəla, Dağlıq Qarabağın statusu hələ də müəyyənləşdirilməyib: hər iki tərəfin razılığı ilə. Orada hələ mübahisələr olacaq. Təki bu mübahisələr dinc yolla olsun. Ermənistan-Azərbaycan sərhədindəki məsələləri də danışıqlarla həll etmək olar. Əgər işçi qruplar yaratmaq, arxivlərdən xəritələri çıxarmaq mümkündürsə atəş açmağa nə ehtiyac var?! Bütün dünyada belə edilir, sabiq Sovetlər Birliyinin ərazisində də belə olub. Rusiya ilə Qazaxıstan arasında, Qazaxıstanla Özbəkistan arasında, çətinliklə də olsa, indi Qırğızıstanla Tacikistan arasında. Danışmaq, razılığa gəlmək gərəkdir. Tarixdə hələ heç bir sərhəd mübahisəsi güc yolu ilə çözülməyib. Rusiyanın vasitəçilik səyləri isə əminəm ki, müsbət nəticə verəcək", - N.Bordyuja vurğulayıb.
Nikolay Bordyuja təcrübəli və peşəkar siyasətçi, uzun illərin diplomatıdır.
Onun erməni jurnalistlə müsahibəsindəki açıqlamaları sadəlövhlük, yaxud emosinal durumda deyilənlər qismində də əsla qəbul olunmamalıdır.
"Qarabağ münaqişəsi hələ həll olunmayıb" deyən və "Dağlıq Qarabağın statusu" ifadəsini işlədən N.Bordyuja bununla da Rusiyanın Cənubi Qafqazla bağlı neoimper planları gerçəkləşdirməsini arzulayan qüvvələrin mövcudluğuna işarə vurur.
N.Bordyuja da həmin qüvvələrin təmsilçisidir.
Azərbaycanın "Qarabağ münaqişəsi" və "Dağlıq Qarabağın statusu" ifadələrini rədd etdiiyni, 44 günlük Vətən Müharibəsindən sonra bu ifadələrin məntiqi məzmununu itirərək tarixə qovuşduğunu yaxşı anlayan N.Bordyuja Bakıya ünvanlanmış mesajları səsləndirib.
Münaqişənin hələ tam çözülməməsi ilə bağlı iddia əslində Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqları ilə təsir imkanlarını itirmək istəyində olmaması və bu imkanları daha da genişləndirərək aktivləşdirmək niyyətindən xəbər verir.
KTMT-nin funksiyalarından bəhs edəndə isə N.Bordyuja bu təşkilatla bağlı Ermənistandakı gözləntilərin əslində illüziya olduğunu, Rusiyanın İrəvanı forpost və müttəfiq saymasına rəğmən, ermənilərin maraqlarını qorumaq üçün Azərbaycana qarşı heç bir zaman hansısa formada hərbi əməliyyatlara başlamayacağını bəyan edib.
Daha doğrusu, Moskva ermənilərə çox konkret və bəsit messic ünvanlayır: Cənubi Qafqazda Rusiya üçün ən önəmli tərəfdaş və geosiyasi partnyor Azərbaycandır.
Bu baxımdan ermənilər Rusiyaya ümid etməkdə yanılırlar.
Orxan Hun
Milli.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.