AZƏRTAC Şanxay Əməkdaşlıq Təşkilatının mükafatına layiq görülüb
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təşəkkürnaməsinə layiq görülüb.
Mükafat AZƏRTAC-a media məkanında Şanxay Əməkdaşlıq Təşkilatının düzgün imicinin təbliğində fəal iştirakına, ŞƏT-in katibliyinin fəaliyyətindəki yeniliklərin işıqlandırılmasına və təşkilatın gündəliyini daim diqqqətdə saxlamasına görə təqdim olunub.
ŞƏT-in baş katibi Vladimir Norov dekabrın 21-də qurumun Pekindəki katibliyində keçirilmiş tədbirdə AZƏRTAC ilə yanaşı, Rusiyanın TASS və Çinin Sinxua agentliklərinə, Çin Mərkəzi Televiziyasına (CCTV), "Jenmin Jibao", "China Daily" və "Jenmin Huabao" qəzetlərinə, "Voice of Diplomacy" nəşrinə təşəkürnamələri təqdim edib. Vladimir Norov ŞƏT-in baş katibi vəzifəsində çalışdığı 2019-2021-ci illərdə qurumun gördüyü işlərdən danışıb, təşkilatın fəaliyyətini diqqətdə saxladığına görə media qurumlarına və jurnalistlərə təşəkkür edib.Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistan, bu il isə İran ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilib. Ölkəmiz ilə təşkilat arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Düşənbə sammitində (sentyabr 2021) Özbəkistanın təşkilata sədrlik edəcəyi 2022-ci ildə Azərbaycana müşahidəçi statusunun verilməsi məsələsinə baxılması ilə bağlı qərar qəbul edilib.
Tamhüquqlu üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş statusları ilə hazırda 21 ölkəni öz ətrafında birləşdirən ŞƏT dünya əhalisinin təxminən yarısını, Avrasiya ərazisinin 60 faizini əhatə edir. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, 2008-ci ildə qurumun katibliyində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı Azərbaycan mədəniyyət günləri, “Nizami Gəncəvi İli” çərçivəsində cari ilin mayında “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. Heydər Əliyev Fondu Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün dahi şairin büstünü quruma hədiyyə edib. Bundan başqa, Azərbaycan Çinin Çindao şəhərindəki “Çin-Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nda keçirilən ənənəvi beynəlxalq investisiya və ticarət sərgisində fəal iştirak edir.
AZƏRTAC öz növbəsində ŞƏT-in fəaliyyətini, eləcə də Azərbaycanla bağlı tədbirləri mütəmadi işıqlandırmaqla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatının 2018-ci ildə Pekində keçirilmiş birinci Media Sammitində də iştirak edib.
REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.