sedanews.az
sedanews.az

Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər

11-04-2022, 10:01 300 dəfə baxılıb

                  
   

        Ölkəmizdə populyar olan Yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Lakin xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar. 
Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə: Zorxanalarda keçirilirdi. “Milli güləş”in inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəbi ilə əlaqədardır.
19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Fransız güləşi adlanan və təşəkkül tapan Yunan-Roma güləş növünün vətəni Yunanıstandır. Qədim Elladada müharibələrə son qoyub, güc-qüvvələrini idman meydançalarında nümayiş etdirmək istəyən cəngavərlər Olimp dağında tonqal yandıraraq yarışmalara dəvət siqnalı verirdilər. Bu yarışlarda kürəkdən yapışaraq bir-birinə güc gəlmələri Yunan-Roma güləşinin ibtidai əsasları idi. Ölkəmizdə əvvəllər klassik güləş kimi tanınan Yunan-Roma güləşi ikinci Dünya müharibəsindən sonra təşəkkül tapmışdır. İlk Dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən Dünya çempionatında Arif Niftullayev qazanmışdır.
İndi də bu idman növü üzrə uğurlarımız ilbəil daha da çoxalır. Təbii ki, idmanımızın inkişafına təkan verən ona göstərilən dövlət qayğısı və diqqətidir. Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
İdmançılarımızın Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatındakı uğuru isə bizim nöbəti idman qələbəmiz oldu. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib: “Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır. Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.”
Ali Baş Komandanın qeyd etdiyi kimi ənələrimizi yaşadan iradəli, şücaətli gənc nəsil yetişir. Elə bir nəsil ki, biz onların sayəsində 44 günlük Zəfərə imza atdıq. Biz onların sayəsində uydurulmuş “Böyük Ermənistan mifi”ni darmadağın etdik. Zehnimizə, qəlbimizə hakim kəsilmiş, şah damarımıza işləyən Vətən sevgimizi sözdə deyil, əməldə sübut etdik. “Vətən sağ olsun” deyərək üçrəngli bayrağımızı hər daim ucalarda dalğalandırdıq.
 

                                                                 Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin 
                                                                            direktor əvəzi Ağcayeva Rahilə 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA