sedanews.az
sedanews.az

Prezident daha 4 sərəncam, 6 fərman imzaladı

25-12-2023, 14:35 152 dəfə baxılıb

Prezident İlham Əliyev Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 Sərəncamın mətnini təqdim edir:
1. On dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:
- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası;
- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası;
- dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı, onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası;
ADY isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin etməlidir.
***
Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.
Nazirlər Kabinetinə pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
***
Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin edəcək.
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
***
Prezident İlham Əliyev Azərbaycan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702; 2020, № 4, maddə 397; 2022, № 11, maddə 1259) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.7.1-3-cü yarımbənd əlavə edilsin:
“4.7.1-3. bu Nizamnamənin 4.14-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş qərarı qəbul edir;”.
2. 4.14-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“İcraçı direktor olmadıqda Şuranın qərarı ilə, müvəqqəti olmadıqda isə İcraçı direktorun əmri ilə müavinlərindən biri onu əvəz edir.”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin builki xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata çatdırılıb.
O cümlədən icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 803 778 570 manatdan 1 873 778 570 manata dəyişdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 653 778 570 manatdan 1 625 778 570 manata dəyişdirilib.
TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişləri 150 000 000 manatdan 248 000 000 manat dəyişdirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının və kadr təminatının maliyyələşdirilməsi xərcləri 174 809 683 manatdan 165 529 683 manata dəyişdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA