Uşaqları oruc tutmağa qoymayın - Xəbərdarlıq
Uşaqları oruc tutmağa məcbur etmək olmaz. İndi hətta “uşaq özü istəyir” arqumenti həmişəki kimi keçərli deyil.Bu sözləri
Axar.az-a pediatr Vaqif Qarayev deyib. Həkim bildirib ki, son vaxtlar pandemiya və karantin səbəbindən uşaqlar çox əziyyət çəkirlər:
“İndi uşaqlara sağlamlığı və psixikanı pozacaq əlavə problem yükləmək olmaz. Uşaq orqanizmi süni olaraq ac qalmamalıdır. İndiki həssas durumda isə bu hal ümumiyyətlə yolverilməzdir. Sağlamlığa ziyandır”.
Pediatr qeyd edib ki, böyüyən orqanizmin ac qalması fəsadlara səbəb ola bilər:
“Epidemiya və özünütəcridlə bağlı uşaqların qidalanmasına xüsusi diqqət verilməyin vacibliyindən danışırıq, amma orucluqda süni aclıq yaradırıq. Böyüyən orqanizm ac qalmamalıdır. İnanc öz yerində, ancaq tibbi baxımdan düzgün deyil. Xüsusən xroniki problemi olan uşaqlar heç vaxt ac qalmamalıdır”.
V.Qarayev əlavə edib ki, orucluqda bununla bağlı kifayət qədər müraciətlər olur:
“Uşaqlarda müşahidə olunan yuxusuzluq, əsəbilik, yorğunluq, zəiflik, diqqətsizlik, yaddaşsızlıq aclığa görədir. Normal qida rejiminə keçən kimi bu əlamətlər itir. Məhz bu baxımdan pandemiya və karantin günlərində uşaqların oruc tutması məsləhət deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.