Şəhid ailələri və Qarabağ müharibəsi əlilinə mənzillər verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub.
Mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və nazirlik yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təqdim ediblər.
V.Behbudov çıxışında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə sosial dəstək göstərilməsi sahəsində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini vurğulayıb.
Qeyd olunub ki, bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olanlara təqdim ediləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 300 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
2021-ci ildə regionlarda 450 fərdi ev də tikilərək qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim ediləcək. U.Mirzəyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələrinin dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi qayğısının daha bir təzahürü olduğunu vurğulayıb.
Sonra mənzillərlə təmin olunan şəxslər çıxış edərək, hər zaman hiss etdikləri dövlət qayğısına, habelə bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9500 mənzil və fərdi ev verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.