Əmək müqaviləsinə xitam verilməsinə dair yeni prosedur müəyyənləşib.
REAL xəbər verir ki, bu, Prezident İlham Əliyev bu gün tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Beləliklə, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq:
- fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
- fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
- fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
- Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
- İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda inzibati qaydada çıxarma tətbiq edildikdə.
Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.
Həmçinin 49-cu maddəyə yeni 5-ci hissə əlavə edilməklə qeyd edilən hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Başqa sözlə, qeyd olunan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.
Eyni zamanda qanuna əsasən, xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşib. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək. (APA)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.