sedanews.az
sedanews.az

İLİN NOVRUZ SEVİNCİ

17-03-2022, 16:58 290 dəfə baxılıb



     Novruz  bayramı ilin gəlin fəsli olan yaza təsadüf edir. Novruz  bayramı həm də od-atəş, yanar günəş bayramıdır. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən bu bayram yaddaşlarımıza əbədi həkk olunmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tarixi qarşısında müstəsna xidmətdir.
Novruz bayramı həm də xalq bayramlarımızın bəzilərinin özülü-bünövrəsi, başının  tacı-zirvəsidir. Bayramlar bayramı, şənliklər şənliyidir.
2009-cu il sentyabrın 30-da  YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Şərq ölkələri xalqlarının əziz bayramı olaraq dünya miqyasında - Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Tacikistan, Türkmənistan, Əfqanıstan, Özbəkistanda böyük məhəbbətlə keçirilməkdədir. 
21 mart 1998-ci il tarixində Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edərkən çıxışında demişdir: ”Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-kidurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Gün o gün olacaq ki, Novruz bayramını Şuşada keçirəcəyik. Əminəm ki, bu belə də olacaq.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı, doğma torpaqlarımızı düşmən işğalından azad etdi. Artıq  Novruz bayramını Şuşada və diğər ərazilərimizdə qeyd edirik. İlham Əliyev Şuşada  28 ildən sonra Cıdır düzündə bayram tonqalını alovlandırmış, bunun tarixi hadisə olduğunu qeyd etmişdir. 
  Əminik ki, xalqımız yaşadıqca Novruz Bayramı da yaşayacaq, öz təravətini daim saxlayacaqdır.

                                                                                   Suraxanı rayon MKS-nin metodika 
                                                                                     və biblioqrafiya şöbəsinin 
                                                                                     müdiri Sevda Ələkbərova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA