sedanews.az
sedanews.az

Baharın elçisi Novruz bayramı

17-03-2022, 16:45

                      

                                                Bahar, istəklimsən başdan-binadan,
                                                 Ən gözəl qızısan sən təbiətin.
                                                 Xoşbəxt doğulmusan xoşəbxt anadan.
                                                 Gözünün odusan şeirin, sənətin,
                                                 Ən gözəl qızısan sən təbiətin.


      Baharın gəlişi tarixən bir çox dünya xalqlarının həyatında bayram kimi qeyd olunur. Ölkəmizdə də bu bayramı Novruz (Yeni gün) adı ilə qeyd edirik. Novruz bayramında baharı, yaşıllığı, təbiətin oyanışını, yenilənməni, bolluq və bərəkəti ifadə edən müxtəlif mərasimlər bu gün də bütün canlılığı və rəngarəngliyi ilə xalqımızın həyatında öz yerini qoruyub saxlayır. Məişətimiz və mədəniyyətimizin ayrılmaz üzvi bir hissəsinə çevrilən Novruz bayramı bu il xalqımızın həyatında daha əlamətdar bir hadisəyə çevrilmişdir. Bu bayram 30 il ərzində düşmən işğalı altında olan doğma torpaqlarımızda da Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə nəticəsində artıq ikinci ildir ki, düşmən əsarətindən azad, böyük dirçəliş, quruculuq, yaradıcılıq şəraitində qarşılanır.
İllər öncə Ulu Öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə ifadə etmişdir: «Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm, bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm».
Bu il Novruz bayramının azad olunmuş torpaqlarımızda keçirilməsi Ulu Öndərin vəsiyyətində ifadə olunan Azərbaycan xalqının böyük arzularının gerçəkləşməsi, bu dövlətin azadlığı, müstəqilliyi uğrunda canını fəda etmiş əcdadlarımızın, şəhidlərimizin müqəddəs xatirəsinin, bu xalqın varlığının ilələbəd bu torpaqlarda var olacağının parlaq bir təzahürüdür. 
Bu bayram respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Suraxanı rayonunda da böyük ruh yüksəkliyi ilə keçirilir. Rayonun küçə, park və meydanları müxtəlif Novruz rəmzləri, səməni xonçaları ilə bəzədilib. Fəaliyyət göstərdiyim Suraxanı rayon Qaraçuxur qəsəbəsi Qurban Abbasov adına Mədəniyyət Sarayında da rayonun əmək kollektivləri, məktəblilər, şəhid ailələri və qazilərin iştirakı ilə müxtəlif tədbir və şənliklər keçirilir.
Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə olan Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük təşkilatçılıq fəaliyyəti və səyi nəticəsində UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Varlığın 4 əsas ünsürünü öz qədim təliminin əsasına çevirən və bu ünsürlərin hər birini bayramqabağı çərşənbə adı ilə əbədiləşdirən Novruz fəlsəfəsi inandırır ki, insanların və xalqların arasında olan nifrət və anlaşılmazlıq buzu yazın gəlişi ilə Suya çevrilərək axıb gedəcək. Şərin, zülmün, irticanın qalıqları Odda əriyib məhv olacaq, yeniliyin, oyanışın Yeli dünyamızın başı üzərindəki barıt qoxusunu silib aparacaq, Torpaq əbədi səadətin rəmzi olan həmşəyaşıl örtüyünü qoruyub saxlayacaq. Novruzun barış, əmin-amanlıq, bolluq, bərəkət ruhiyyəsini bütün Yer üzünə yayacaqlar.
                                         Novruz bayramınız mübarək! 

                                                               Suraxanı rayonu Q.Abbasov adı Mədəniyyət Sarayının
                                                                               direktoru Xavər Ramazanova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA