sedanews.az
sedanews.az

Azərbaycan universitetləri Malayziya ilə əlaqələri genişləndirir

13-04-2022, 13:37 276 dəfə baxılıb



   Azərbaycan universitetləri ilə Malayziyanın qabaqcıl ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətləri genişlənir. Belə ki, son bir neçə həftə ərzində ölkəmizin bir sıra ali təhsil ocaqları Malayziyadan olan təhsil müəssisələri ilə videokonfrans formatında müxtəlif görüşlər keçirib, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ilkin addımlar atıb. 
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı  ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Malayziyanın Putra Malayziya Universiteti (UPM) arasında görüş keçirilib. Kənd təsərrüfatı sahəsində azərbaycanlı mütəxəssislərin hazırlanması, yay məktəblərində iştirak, birgə elmi-tədqiqat işlərinin aparılması və qarşılıqlı elmi-praktiki səfərlərin həyata keçirilməsi imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə ADAU nümayəndə heyətinə bu ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov, Malaziyanın Putra Universitetindən iştirakçılara isə universitetin tədqiqat, innovasiyalar, beynəlxalq əlaqələr və tədris işləri üzrə prorektoru Nazamid Bin Saari başçılıq edib. 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Malayziyanın  Perak ştatında fəaliyyət göstərən “Sultan Azlan Şah" Universiteti arasında keçirilən görüş zamanı isə iki ali təhsil müəssisəsi arasında qarşılıqlı təcrübə, o cümlədən müəllim-tələbə mübadiləsi imkanları müzakirə edilib, əməkdaşlığa dair anlaşma memorandumu üzərində iş aparılması istiqamətində ilkin razılıq əldə olunub. Hər iki ali təhsil müəssisəsindən rəhbər vəzifəli şəxslərlə yanaşı, spesifik sahələr üzrə tədqiqatçı alimlərin də cəlb olunduğu görüşdə UNEC heyətinə bu təhsil ocağının prorektoru Neman Muradlı, “Sultan Azlan Şah” Universitetinə isə tədris və tələbə işləri üzrə prorektor Səbri Yusif başçılıq edib.               Təkcə
Malayziyada deyil, Cənub-Şərqi Asiya məkanında kifayət qədər nüfuzlu Petronas Texnologiya Universiteti (PTU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında keçirilən görüşdə tərəfləri maraqlandıran birgə əməkdaşlıq məsələləri, o cümlədən təcrübə və tələbə mübadilələri, elmi tədqiqatçıların qısa və uzundövrlü qarşılıqlı ezamiyyələrinin təşkili, müştərək elmi layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qarşıdakı həftələrdə Azərbaycana səfəri nəzərdə tutulan PTU nümayəndə heyətinin səfər gündəliyinin səmərəli təşkili məqsədilə ilkin fikir mübadiləsi aparılıb. Görüş zamanı ADNSU iştirakçılarına universitetin beynəlxalq əlaqələr üzrə prorektoru
Rafiq Camalov, PTU nümayəndə heyətinə isə bu ali təhsil müəssisəsinin vitse-kansleri Mohamed Mutalib başçılıq edib.     Azərbaycan və Malayziyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə fəaliyyət iki ölkənin dövlət və hökumət başçıları tərəfindən müəyyən edilmiş, qarşılıqlı etimad və dostluğa söykənən siyasi münasibətlərin yüksək səviyyəsinə əsaslanır. Ölkələrimiz arasında digər sahələrlə yanaşı, humanitar və təhsil üzrə qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına böyük diqqət ayrılır. Azərbaycanın Malayziyadakı səfirliyi bu ölkənin bir çox aparıcı ali təhsil müəssisəsi ilə səmərəli əlaqələr qurmağa nail olub və bu prosesə Azərbaycan universitetlərinin fəal şəkildə cəlb edilməsi üzrə işlər davam etdirilir.   
Qeyd edək ki, bundan əvvəl Azərbaycan səfirliyinin təşəbbüsü ilə Malayziyanın Malaya Universiteti, Milli Müdafiə Universiteti (UPNM), MARA Texnologiya Universiteti (UiTM), Malayziya İslamın İdrakı İnstitutu (IKIM) kimi ali təhsil müəssisələri ilə Azərbaycandakı elm-təhsil qurumları arasında ilkin tanışlıq görüşləri keçirilib, işçi təmasların təsis edilməsinə nail olunub.  
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA