sedanews.az
sedanews.az

Sülhməramlılar niyə erməniləri Xankəndiyə daşımalıdır?

18-12-2020, 14:32 546 dəfə baxılıb

Sülhməramlılar niyə erməniləri Xankəndiyə daşımalıdır?

Atəşkəs haqqında birgə bəyanat imzalandıqdan sonra Ermənistanın kapitulyasiya getdiyini və bu sənədi imzalamaqla bizim ərazi bütövlüyümüzü tanıdığını və bu prinsip əsasında həllə razılıq verdiyini düşünürdüm. Prezident də açıq bəyan etmişdi ki, nə status-kvodan, nə də hər hansı bir statusdan söhbət gedə bilər. Sonradan Vladimir Putinin “biz danışmışıq və razılaşmışıq ki, status-kvo saxlanılacaq və status məsələsini gələcək rəhbərlər həll edəcək” fikirləri vəziyyəti bir qədər mürəkkəbləşdirdi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində deyib.
O bildirib ki, bunun ardınca Rusiya sülhməramlılarının gəlib qondarma rejimin nümayəndələri ilə tərəf kimi danışması da əslində süıhməramlı missiyaya zidd idi:
“Sühlməramlıların yerləşməsi üçün birincisi, tərəflərin razılığı lazımdır. İkincisi, sülhməramlılar bitərəfliyini qoruyub saxlamalıdır. Üçüncüsü, tərəflərə qarşı güc tətbiq etməməlidirlər. Sülhməramlılar yalnız özləri hücuma məruz qaldıqları halda müdafiə məqsədilə silah tətbiq edə bilərlər. Hazırda BMT dünyanın 13 bölgəsində sülhməramlı missiya həyata keçirir və onun illik büdcəsi də təqribən 8 milyard dollardır.
Sülhməramlıların 3 statusu olur - sülhü qoruyub saxlamaq, sülhyaratma, sülhə məcburetmə missiyası.
Bizdə nə sülhyaratma, nə də sülhə məcburetmə missiyasıdır. Burada olan sülhməramlılar sülhü qoruyub saxlama missiyasını həyata keçirir. Lakin bu, birgə bəyanatda öz əksini tapmayıb. Sənəddə yalnız qeyd edilir ki, sülhməramlılar gəlir. Sülhməramlılar digər tərəf kimi yalnız Ermənistanla əməkdaşlıq edə bilərlər. Əslində sülhməramlıların gedib Araik Arutyunyanla görüşməsi, qurama rejimin "bayrağı" altında foto çəkdirməsi sülhyaratma missiyasına ziddir”.
Millət vəkilinin sözlərinə görə, 10 noyabrda imzalanan sazişə əsasən, qaçqınların geri qaytarılması işi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyi məşğul olmalıdır:
“Amma bir çox hallarda görürük ki, sülhməramlılar İrəvanda camaatı avtobusa mindirib Xankəndiyə gətirirlər. Bu statusun aşılması deməkdir. Hesab etmirəm ki, sülhməramlıların səlahiyyətini aşması varsa, dərhal buna görə Rusiya ilə düşmən olmalıyıq. Qətiyyən yox. Lakin Rusiya rəsmiləri ilə bu məsələləri aydınlaşdırmalı, müzakirələr aparmalıyıq. Lazım gəlsə, Azərbaycanın müvafiq dövlət adamları Moskvaya səfər etməli, onlar bura dəvət olunmalıdır. Yəni əlaqələr intensivləşməlidir. Baxın, üçtərəfli saziş imzandıqdan sonra Ermənistan prezidenti başda olmaqla bir neçə dövlət adamı Moskvaya səfər edib. Bizdən səfər edən olmayıb.
Bu mənada hesab edirəm ki, diplomatik təmasları gücləndirməliyik. Danışıqlar masası arxasında problemlər öz həllini tapmalıdır. Həm də sülhməramlılar iki dövlətin - Azərbaycan və Ermənistan arasında yerləşdirilməyib. Sülhməramlılar Qarabağda yaşayan etnik ermənilərlə Azərbaycanın digər əraziləri arasında yerləşib. Rusiya Prezidenti Putin də dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Hətta hərbi əməliyyatlar zamanı Putin dedi ki, biz müdaxilə edə bilmərik, çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır. Sülhməramlılar da Ali Baş Komandanlarının bu mövqeyindən çıxış etməlidirlər. Əgər bura Azərbaycanın ərazisidirsə, orada Azərbaycanın qanunları tətbiq edilməlidir. Sülhməramlılar ermənilərin yaşadığı kənd, qəsəbə və rayonların tədricən Azərbaycanın yuridiksiyasına qaytarılması istiqamətində fəaliyyət göstərilməlidir. Birgə bəyanatda qeyd edilirdi ki, erməni silahlı qüvvələrinin ərazini tərk etməsilə paralel sülhməramlılar gəlir. Lakin sülhməramlılar gəlib, amma erməni silahlı qüvvələri hələ də ordadır. Biz gördük ki, son insident zamanı ermənilər Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində təxribata əl atdılar. Bəlli oldu ki, orada təxribat edənlər Ermənistan ordusunun əsgər və zabitləridir. Deməli, erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərini tərk etməyiblər. Bu da istər-istəməz Azərbaycan cəmiyyətində narazılıq yaradır. Bunu da danışıqlar yolu ilə həll etmək lazımdır. Təbii olaraq Azərbaycan təxribatın qarşısını aldı, ordumuz həmin iki kəndi nəzarətə götürüb”.
Millət vəkili qeyd edib ki, Qubadlı və Zəngilanın bəzi kəndlərində də ermənilərin qaldığı haqda xəbərlər yayılır:
“Qanunsuz məskunlaşdırılan kəndlərdə... Sosial şəbəkələrdə yayılan məlumata görə, onlar yaza qədər vaxt istəyib, guya indi qış olduğundan çətindir. Bilirsinizmi, işğal edilən ərazinin məskunlaşdırılması hərbi cinayətdir. Belə ağır cinayət hadisəsinə humanist münasibət olmamalıdır. Onlar dərhal bizim torpaqları tərk etməlidir.
Hesab edirəm ki, həm də gündəlik baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq lazımdır. Necə ki, 44 günlük müharibə zamanı bu, yüksək səviyyədə edilirdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA