sedanews.az
sedanews.az

BİZ ZƏNGƏZUR DƏHLİZİNİ İCRA EDƏCƏYİK!

26-04-2021, 13:05 649 dəfə baxılıb

BİZ ZƏNGƏZUR DƏHLİZİNİ İCRA EDƏCƏYİK!


“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulayıb. 

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaratmışdır. Ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş, İkinci Qarabağ müharibəsinə son qoymuş və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi. 

Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün ədalətin bərpasıdır. Dəhlizin yaradılması üçün istifadə ediləcək Ermənistan ərazisi - Mehri və Qafan rayonları əslində tarixi Azərbaycan torpaqlarıdır.

1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Ermənistana verilib. 1929-cu ildə Azərbaycan SSR-in rəhbərliyində təmsil olunan bir neçə erməninin əli ilə Naxçıvanın daha 9 kəndi Ermənistan SSR-ə birləşdirilib. Beləliklə, Naxçıvan və Zəngilan arasındakı Azərbaycan torpaqları Ermənistan SSR-in tərkibinə keçib və türk dünyasının, o cümlədən Türkiyənin Orta Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılıb.

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Bəyanata Naxçıvana dəhliz məsələsinin daxil edilməsi və Zəngəzur dəhlizi məsələsinin ən qısa zamanda həlli üçün addımların atılması ilk növbədə tarixi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm element - Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. İqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək, türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq, bu coğrafiyada mövcud əməkdaşlıq daha da dərinləşəcək. Qardaş Türkiyə ilə Azərbaycan arasında açılan quru yolu turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək, Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Türkiyə Qars-Naxçıvan dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.

"Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik," - Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında Zəngəzur dəhlizi məsələsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Uzun illərdən sonra tarixi ədalət bərpa olunacaq, Azərbaycan Respublikası Prezidentinin sözləri ilə desək  “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

“Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir”. 

Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək və bu Azərbaycanın ikinci Böyük Qələbəsi kimi tarixə düşəcəkdir.

E.Cəfərov adına 118 nömrəli tam orta 

məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA