Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti ilə birgə Baş Prokurorluğun Mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilib.
Baş Prokurorluqdan
REAL-a verilən məlumata görə, aprelin 12-dən 14-dək davam edən təlimin başlıca məqsədi – müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının təkmilləşdirilməsi, sosial media ilə davranışın müasir tələblərə uyğunlaşdırılması, etik dəyərlərə arxalanan natiqlik qabiliyyətinin artırılması olub.
Dinləyici qismində 101 prokurorluq işçisi iştirak edən bu təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq keçən işçilər üçün isə internet üzərindən “Zoom” proqramı vasitəsi ilə distant formada canlı vaxt rejimdə həyata keçirilib.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi və Ədliyyə Akademiyasının əməkdaşları, eləcə də Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə, təlim çərçivəsində mühazirə, təqdimat və sair formalarda tədris edilən və xüsusi maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim olunub.
“Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə mübadiləsi məqsədilə Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri də bu tədbirdə müşahidəçi qismində iştirak ediblər.
Təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, media ilə ünsiyyətdə xüsusi əhəmiyyətli olan mövzuların peşəkarcasına tədrisindən məmnunluqlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.