Bu gün Boz ayın ikinci - Od çərşənbəsini qeyd edirik. Qədim türk coğrafiyasında çillələrdən sonra gələn Boz ay bitincə yeni ilin başlanğıcını, təbiətin oyanışını təmin edirmiş. Boz aydan əvvəl isə bir neçə yalançı çərşənbələr də zaman-zaman qeyd olunub. Amma ilk əsas çərşənbə olan Su çərşənbəsindən sonra sovet dövründən etibarən Od çərşənbəsi qeyd olunmağa başladı. Lakin Azərbaycanın, türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçu Mirəli Seyidov, həmçinin, folklor və etnoqrafiyamızı bir çox təhriflərdən xilas edən Məhəmmədhüseyn Təhmasib ikinci çərşənbəni birmənalı şəkildə od deyil, Torpaq çərşənbəsi adlandırıblar. Bu mifoloji ənənəyə uyğun olaraq yaradılışın məzmununu özündə əks etdirir:
Əvvəlcə, hər yer su idi, sonra su üzərində torpaq yarandı, su ilə torpağın qovuşuğu odu meydana gətirdi. Yel isə bu ünsürlərə həyat verdi. Beləcə, 4 müqəddəs ünsürün- su, torpaq, od və havanın qarşılıqlı həyat yaratma mexanizmi Sovet dövrünün təhriflərinə əsasən, pozuldu. Bu isə Novruz bayramının mahiyyətini aşağılamaqdan başqa bir şey deyildi.
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.
Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən.
Mifoloji dünyagörüş xalqın şüuraltısında hər zaman yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, onların məhvi baxımından vacib ritual sayılıb: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, deyilir, bu çərşənbədə...
Etnoqrafiya və folklorumuzun dərin bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı bunları deyib:
“Od çərşənbəsində su ilə yuyulub-yaxalandığımız kimi, odla da yuyunardıq. Odun-ocağın bizdən aşağıda, ayaqlarımızın altında olması lazım gəlir. Üzərindən atlanırıq, üstümüzün ağırlığını oda tökürük. Sonrasa oda arxa çeviririk. Hamısı ona görədir ki, biz həmin anda başlanğıcı, böyük doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırdıq”.
Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Od çərşənbəniz mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.