sedanews.az
sedanews.az

“ Bahar ilin ən gözəl fəslidir.”

17-03-2022, 17:01 439 dəfə baxılıb


    Hər bir xalqın mənəvi sərvətləri içərisində elə ənənə, bayramlar və mərasimlər var ki, əsrlər keçdikcə o daha hörmətlə qarşılanır, sevilir və inkişaf edir. Azərbaycan xalqı üçün belə mütərəqqi milli ənənələrdən biri də Novruz  bayramıdır. Bəlkə bu bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək ki, Novruza təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramı demək olar.Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə – Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayir. 
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, qoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış hamı dörd çərşənbə axşamını qeyd edir. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Bu bayramin çox gözəl mənəvi dəyərlərindən biri də Novruz günlərində küsülülər barışması, unudulmuş, kimsəsiz insanlara, ata-anasız uşaqlara, kimsəsiz olmayan qocalara yardim edilməsidir. .
 Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətdə ən kütləvi xalq bayramıdır.
Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşlarn qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı. 

                                                                                 Suraxanı rayon MKS-nin 1 № li 
                                                                                     kitabxana filialının böyük 
                                                                                       kitabxanaçısı Valehə Mahmudova 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA