Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı –Azərbaycan qlobal təşəbbüslər ölkəsidir
Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı –
Azərbaycan qlobal təşəbbüslər ölkəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vlll Qlobal Bakı Forumundakı çıxışında bəşəriyyəti, bölgəmizi, ölkəmizi rahatsız edən mövzulara toxundu, görülmüş, görülməli işlər haqqında öz fikirlərini söylədi.
Beləki, Cənab Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox az saylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini vurğuladı.
Forumun açılışında prezidentimizin çıxışı siyasi, iqtisadi, elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi tövhə xüsusilə qeyd edilməlidir. Çünki, koronavirusa qarşı vaksin yaradılanda və Asiya, Afrikanın əksər dövlətləri, o cümlədən Latın Amerikası dövlətləri bu prosesdən əsaslı şəkildə kənarda qaldığı məlum olanda prezidentimiz bildirmişdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Bununla da, cənab prezident dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səsləmişdi.
Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəticədə 2020-ci il dekabrın 3-4-də bu sessiya reallaşdı.
Forumda Vətən müharibəsindən danışan ölkə başçısı eyni zamanda post-müharibə dövründə dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.
Prezident İham Əliyev təkcə bizim üçün deyil, həm də bütün region üçün əhəmiyyətli olan bir məsələyə də toxundu. Bu, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılması məsələsi idi. Cənub Qaz Dəhlizi dedikdə söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Cənab Prezident vurğuladı :
"Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edir, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq."
Bütün bu deyilənləri yekunu olaraq deyə bilərik ki, XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Azərbaycan Prezidenti İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibi olan bir dövlətə çevirdi. Dövrün tələblərini nəzərə alan, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən, Qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdırdı.
Suraxanı rayonu, Qəhrəman Qəhrəmanov adına
65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev