sedanews.az
sedanews.az

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi

10-11-2021, 12:13 427 dəfə baxılıb

                            Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi



Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ilin 12 noyabr tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik.
Ümummilli Liderimiz Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
158 maddədən ibarət olan Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir və bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Konstitusiyamız həmçinin, Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğunun da əvəzsiz təminatçısı kimi çıxış edir. Müstəqil və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasında mühim rol oynayan Konstitusiyamız müasir demokratiyanın başlıca prinsiplərindən biri hesab edilən hakimiyyət bölgüsü prinsipini də özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Konstitusiyanın qəbulu azad bazar iqtisadiyyatına keçidin hüquqi əsasını qoymuş və həmçinin, sosial dövlətçilik istiqamətində islahatların həyata keçirilməsində mühüm rol oynamışdır.
Dövlətimizin sürətli inkişafı və sosial-iqtisadi bazasının güclənməsinin qaçınılmaz nəticəsi olaraq 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Edilmiş dəyişikliklər və əlavələr Konstitusiyamızı yeni dövrün tələblərinə uyğunlaşdırmaq və iqtisadi və sosial sahədə yeni hüquqi zəmanətlər yaradılması məqsədi daşımışdır. Məhz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendumlar vasitəsi ilə Konstitusiyamız bu gün daha da təkmilləşdirilməklə dövlətimizin hərtərəfli inkişafı üçün daha səmərəli və aparıcı qüvvə olmuşdur.
                                                               Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin
                                                                             direktoru Gülnarə Əkbərova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA