Azərbaycan Prezidenti: Gəncə Kəlbəcər rayonunun inkişafı ilə də bağlı öz sözünü deyir və deməlidir
Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.
REAL xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı
AZƏRTAC-a müsahibəsində deyib.
“İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib ki, Murov aşırımından keçən bu yol qış aylarında keçilməz olur. Hazırda Murov dağının altından uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcək: “Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.