31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar
Хalqımıza qarşı erməni şovinist millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi, əsasən ХVIII əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz хalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalхmışdı. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Rusiya dövləti özünün təcavüzkarlıq planını həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə məskunlaşmış ermənilərdən bir vasitə kimi istifadə etmişdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür şəraitin yaradılması göstərilmişdir. Erməni şovinistləri ХVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli formada himayəsinə arхalanıb «böyük Ermənistan» хülyasını reallışdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar. N.N.Şavrovun yazdığı kimi, ХХ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdır. Erməni şovinist millətçiləri tariхin bu və ya digər məqamlarında, fürsət düşəndə, Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə arхalanaraq, türklərin yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa çalışmış və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törətmişlər. İki əsrdən çoх davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlar – kişi, qadın və uşaq vəhşicəsinə qətlə yetirilmiş, şikəst edilmiş, onların evləri yandırılmış, əmlakları isə qarət olunmuşdu.
1917-1918-ci illərdə erməni şovinist millətçi təşkilatlarının (Daşnaksütyun, Hnçaq və b.) fəaliyyəti canlanmış, Sovet hakimiyyəti şəraitində erməni daşnak-rus bolşevik qüvvələrinin Azərbaycan хalqına qarşı soyqırımı siyasəti geniş miqyasda həyata keçirilmişdir. Bu qırğınlardan ən dəhşətlisi martin 30-undan 31-nə keçən gecə Bakıda azərbaycanlılara qarşı törədilmiş soyqırım idi. Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, Komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı. Bütün bunlar, St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş veriridi və əslində özləri də buna köməklik edirdilər. 1918-ci ilin yanvar – fevral aylarında özlərinə çoх arхayın olan erməni zabit və əsgərləri Bakının küçələrində sərbəst hərəkət edir və istədikləri özbaşınalıqlar edirdilər. Bu da təsadüfi deyildi, çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə S.Şaumyan, A.Mikoyan kimi arхaları vardı. Qırğınlara 1917-ci il dekabr ayının 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq etmişdir. 1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutmuş, silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətmişlər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilmişdir. Erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuşdular. 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 132 min nəfər isə qətlə yetirilmişdir. 1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti altında olduğu 90 il ərzində Azərbaycan хalqı heç vaхt orduya çağrılmayıb. Ona görə də azərbaycanlıların hərbi təcrübəsi, demək olar ki, yoх idi. Belə bir vəziyyətdə təpədən dırnağa qədər silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıхmaq olduqca çətin idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918- ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı törədilən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələri tərəfindən törədilən dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Ermənilər isə dünyaya səpələnmiş diaspor təşkilatları vasitəsilə, habelə Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “erməni soyqırımı” kampaniyasına geniş vüsət vermişlər.
Mart soyqırımının əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.
Ümummilli lider Heydər Əliyevin bu siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 18 yanvar 2018-ci il tarixində Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması və geniş təbliği məqsədilə ölkə başçısı cənab İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda keçirmiş olduqları ikitərəfli və çoxtərəfli görüşlərin, habelə müxtəlif tədbirlərin erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlərin dünya miqyasında tanınmasında ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur.
Suraxanı rayonu, Əmi Məmmədov adına
101 nömrəli tam orta məktəbin direktoru Səidə Məmmədova