Hotellərin 6 ay ərzində ulduz kateqoriyası əldə etməsi tələb olunacaq

Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək.
Qeyd edək ki, qanun layihəsinə əsasən mehmanxana (hotel) qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 olan yerləşmə vasitəsidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.