"Vəkillər Kollegiyası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Məqsədimiz cəmiyyətin və ictimaiyyətin diqqətini qadınların bu sahədə fəaliyyətinin genişlənməsinə yönəltməkdir".BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi, Vəkillər Kollegiyası və BMT-nin Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair imzalanan Anlaşma Memorandumununun vaxtı bitib:
"Növbəti dönəm üçün məsləhətləşmələr aparılır. İndi növbəti müddət üçün müasir dövrün çağırışlarına və qarşıda duran vəzifələrə görə müəyyən tapşırıqlarımızı, eləcə də gələcək fəaliyyətimizi müəyyənləşdirəcəyik.
Azərbaycanda vəkillərin sayının az olduğu barədə fikirlər var. Bu, həqiqətən də belədir. Aidiyyatı orqanlar bununla bağlı müxtəlif layihə həyata keçirib. Bunun nəticəsində son illər bu problemlər aradan qalxmaqdadır.
Amma yenə də bura daha çox qadınların cəlb olunması və onların özlərini mütəxəssis kimi sınaması üçün bu fəaliyyətin böyük əhəmiyyəti var".
B.Muradova qeyd edib ki, Azərbaycan qadınlarına çağırış etmək lazımdır:
"Ona görə ki, qadınlar peşə seçərkən hüquq sahəsini, xüsusilə də məhkəmələrdə insanların hüquqlarının müdafiə sahəsini seçsinlər.
Çünki buna ciddi ehtiyac var. Ailədaxili problemləri olan qadınlar hüquq mühafizə orqanlarına müraciət etdikdə qadın vəkillərə üstünlük verməyə çalışırlar".
BAKU.WS
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.