Şəhidlərə hörmətsizlik edən direktor CƏZALANDIRILDI - VİDEO
Paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılmışdı.