sedanews.az
sedanews.az

Ukrayna Putinin ordusunu PUSQUYA SALDI - Rusiya ağır məğlubiyyətin astanasında

28-02-2022, 11:47 372 dəfə baxılıb



Son proseslər göstərir ki, hərbi qüvvələr nisbəti açıq olaraq Rusiyanın tərəfində olduğu halda ilk dəqiqələrdən onunla döyüşə girmək, ona dirəniş göstərmək Ukrayna adına çox absurd qərar ola bilərdi.

Volodimir Zelensknin və onun komandasının birgə qərarları bu məsələdə nə qədər realist olduqlarını göstərdi ki, bu da seçdikləri hərbi-strateji taktikada (Rusiya ordusunun Ukraynanın düz ortasına qədər ciddi müqavimətlə üzləşmədən nüfuz etməsinə "şərait yaratmaq") özünü təsdiq edir.
Ukraynada ötən gün gedən döyüşlər rus ordusu adına tam fiaskoya uğradı desəm yanılmarıq. Gece səhərə kimi şiddətli şəkildə havadan və yerdən bombardman olunan Xarkovun mərkəzinə kimi irəliləyən rus ordusunun Ukrayna silahlı qüvvələrinin günün ikinci yarısından başlayan hüçumları qarşısında tap gətirməyərək geri çəkilməsi deyilənlərin təsdiqidir. 

Ukrayna əslində Rusiya silahlı birləşmələrini daxilinə qədər irəliləməsinə şərait yaratmaqla onlara qarşı çox ağıllı taktiki həmlə etmək fürsəti əldə etdi. Belə ki, Ukraynanın içinə doğru rahatlıqla irəliləyən Rusiya hərbi-siyasi rəhbərliyində belə bir təəssürat yarandı ki, əsgərləri ciddi müqavimətlə üzləşmədən rahatlıqla bir neçə günün içində Ukraynanı işğal edə biləcəklər.
Ukrayna ən birinci rusa bunu inandırdı.

İkinci isə Rusiya ordusu ağır zirehli hərbi texnikalarla Ukraynanın daxilinə nüfuz etmək üçün onsuz da kifayət qədər yol qət etdiklərindən onların yanacaq sərfiyyatı ilə bağlı ciddi problemlərlə üzləşəcəyini öncədən anlayan, hava şəraitinin də əlverişsiz olması ilə Rusiya hərbi texnikalarının, zirehli döyüş maşınlarının, tankların qarşıdakı günlərdə qarşılaşacaqları problemlərin daha da artacağını proqnozlaşdıran Ukraynanın ali hərbi-siyasi rəhbərliyi fikrində yanılmadı. Beləcə, rus ordusuna daxilində "sürprizlər" hazırlayan Ukrayna ondan həm hərbi texnika, həm də canlı qüvvə baxımından qat-qat üstün olan Rusiyanın elə bu taktiki gedişlə qəddini qırdı demək olar. 

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Mükəmməl işləyən Bayraktar TB-2 pilotsuz uçuş aparatı və onun pilotları Rusiya qoşunlarına yanacaq və sursat aparan kalonu məhv ediblər. Ukrayna Silahlı Qüvvələrinə inanın" açıqlaması Kiyevin baş verə biləcəkləri öncədən düzgün təxmin etdiklərini və planlarının bir-bir reallaşmağa başladığını xalqa, dünyaya bəyan etməkdən başqa bir şey deyil.
Kiyevə kimi irəliləyən rus hərbçilərini daşıyan zirehli texnikaları, tankları üçün yanacaq təchizatı gecikincə Ukraynanın planı işə düşdü. Dünənə kimi son iki gündə hərbi texnikalarının təminatını qarşılamaq məqsədilə Rusiyaya məxsus 56 yanacaq çəninin partladılması Ukrayna tərəfindən Moskvanlın planlarını alt-üst edəcək həmlələrdən biri kimi dəyərləndirilə bilər. Buna sübut olaraq yanacağı bitdiyi üçün irəliləməyə hər hansı bir vasitənin olmadığından çox rahatlıqla pusquya salınan ruslar ciddi itkilərlə üzləşməyə başladılar.

Volodimir Zelenskinin mətbuat katibi ötən gün günorta saatları Qomeldə Ukraynanın Rusiya Federasiyası ilə danışıqlarda iştirak etməyəcəyi ilə bağlı açıqlamasından savaşda artıq üstünlüyün Ukraynanın əlinə keçdiyini açıq şəkildə hiss etmək mümkün idi. Çünki iki gün əvvəl Zelenski canlı yayımda müraciət edərək Rusiya hökümətini danışıqlara dəvət etmişdi. 
Ukrayna gördü ki, taktiki planları işə yaradı və ilk 3-4 günü dirəniş göstərərək Rusiyanın "ən qısa zamanda işğal etmək" barədə planlarını boşa çıxararaq qarşı tərəfdə ciddi psixoloji narahatlıq yaratmağa nail oldular və artıq dünyanın dörd bir yanından müharibənin ilk günləri ilə müqayisədə dəstəyin artdığını nəzərə alaraq bu savaşdan qəhrəman, qalib bir xalq kimi ayrılmaq üçün əllərinə əla bir şans düşdü.
Sosial mediada yayılan xeyli kadrlardan da görünür ki, rus hərbçiləri canlarını qurtarmaq üçün hərbi texnikalarını ataraq qaçmaq məcburiyyətində qalıblar. Onların əksəriyyəti qaçıb canlarını qurtarmağa nail olsalar da bir çoxu Ukrayna hərbçiləri tərəfindən mühasirəyə alınaraq əsir götürüldü (Hətta onların arasında Rusiya ordusunun yüksək rütbəli mənsubları da var - red). Demək olar ki, Ukrayna davam edən müharibənin ilk günləri ilə müqayisədə dəqiq planlama hesabına Rusiyanı ağır itkilərə məruz qoymağa davam edir. Hazırda təminat yollarının bir çoxuna, şəhər və rayonlara nəzarəti yenidən ələ alan Ukrayna çox güman ki, Rusiya ordusu üçün ən arzuolunmaz vəziyyəti yaratmağa doğru - önəmli pusqu əməliyyatlarını uğurla həyata keçirməkdə davam etməklə məqsədlərinə nail olmağı bacaracaqlar. Üç gündür ki, eyni şəhərlər uğrunda savaşan, amma nəticə əldə edə bilməyən bir rus ordusu olduğuna nəzər salsaq, o zaman deyilənlərin həqiqət olduğu iddiaları iddia olmaqdan çıxmış olur. 

Doğrudur, Ukraynanın işğala qarşı müqaviməti genişləndikcə Rusiya ordusunun azğınlaşacağı, mülki əhali arasında itkilərin artacağı gözlənilən idi. Ukrayna sivil insanlarının yaşadığı əyalətlərə, şəhərlərə, rayonlara atılan raketlər, hava zərbələri hesabına xeyli sayda dinc sakinin öldürülməsi ilə sarsıldı, böyük dağıntılara məruz qaldı, bunun davam edəcəyi də istisna edilmir. Lakin hər bir müharibədə dağıntılar, ölüm-itim qaçılmazdır. Biz elə bunu 44 günlük müharibə zamanı iliyinə qədər hiss edən, yaşayan bir xalqıq. Ukrayna rəhbərliyi də bütün bunların baş verəcəyini öncədən yaxşı anladığı üçün planlarını da elə görünür buna uyğun şəkildə qurmağı məqsədəuyğun hesab edib.
Zatən Rusiyanın ballistik raketlərlə, hərbi qırıcı təyyarələrlə Ukrayna hava məkanını yarıb dinc insanların yaşadığı əraziləri bomardman edəcəyini anladığı üçün daha çox raket zərbəsi ilə üzləşməkdən, daha çox sivil insanları və hərbçi itirməkdənsə, rus ordusunu daxilinə doğru rahat şəkildə, ciddi maneə ilə üzləşmədən irəliləməsi üçün şərait yaradaraq bir növ onları pusquya salmaqla ən azından Rusiya ordusunu da ciddi itki ilə üz-üzə qoymağı daha məntiqə uyğun hesab etdilər. Proseslərə ümumi nəzər saldıqda anlamaq çətin deyil ki, Rusiya belə güclü müqavimətlə üzləşəcəyini heç gözləmirdi.
Bu gözlənilməz vəziyyətlə əlaqədar Kremldəki gərginlik də diqqətdən yayınmır. Putinin son olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu tutduğu vəzifədən azad etməsi deyilənlərin növbəti təsdiqidir. Əgər bütün gedişat Rusiyanın xeyrinədirsə, Kreml rəhbəri niyə belə bir kritik anda bu cür qərarlar vermək məcburiyyətində qalsın?! 
Artıq yaxın döyüşlərdə ciddi itkilərə məruz qaldığını, döyüş texnikasının heç də az sayılmayacaq hissəsini sadəcə 4 gündə itirən Rusiya son gecəyə nəzər saldıqda da görərik ki, uzaqmənzilli raketləri işə salmaqla bu itkilərin əvəzini çıxmaq qərarına gəlib. Hirsli başda ağıl olmaz: Rusiya hökumətinin addımlarını ancaq bu cür şərh edə billərik. Bu qərarla da Rusiya ilk növbədə müharibəyə yanlış bir taktika seçərək başladığını etiraf etmiş olur. Çünki müharibənin ilk saatlarından rusların Ukraynanın müdafiə xəttini asanlıqla yararaq irəliləməsi bütün dünyanı təəccubləndirdi ki, "Ukraynada necə ola bilər ki, rusların hücumunu dəf etmək üçün bir hərbi texniki potensial mövcud deyil?! Əlsində isə 2014-cu ildə Krımın ilhaq edilməsi və Donbassın işğalı ilə Ukrayna artıq bir dərs çıxarmalı, Rusiyaya qarşı müharibə hazırlığına başlamalı idi" fikirləri istər sosial media istifadəçiləri olan sadə insanlar, istərsə də ekspertlər tərəfindən tez-tez rast gəlinən ifadələr idi. Nəzərə alsaq ki, son iki ayda sürətli şəkildə həm ABŞ, həm də Böyük Britaniya Rusiyanın hücuma hazırlaşdığı barədə Ukraynanı xəbərdar edirdilər, o zaman təbii ki, Kiyevin bu xəbərdarlıqları eşitməzlikdən, görməzlikdən gəldiyi də inanılası kimi görünmürdü.
Əgər Ukrayna Rusiya ordusuna sərhədləri boyunca müqavimət göstərsəydi, rusların sərhədi yarıb keçmələrinə ciddi dirəniş nümayiş etdirsəydi Rusiya ilk gündən raket zərbələrinin sayını birə-on artıraraq bu yolla Ukraynanın müdafiə xəttini yarmağa nail olacaqdı, eyni zamanda indikindən də qat-qat çox Ukrayna əsgəri və sivil insan qətlə yetiriləcəkdi. Hadisələrin axarı göstərir ki, Ukrayna hərbi-siyasi rəhbərliyi düzgün strategiya müəyyən edərək rusları səhv etməyə məcbur qoydu.




Xüsusilə nəzərə alsaq ki, Avropadakı çeçenlərin könüllü olaraq artıq Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı döyüşmək məqsədilə bu ölkəyə gəlişi başlayıb və Zelenski də artıq ilk dəfə olaraq "əcnəbi legionun yaradılması" haqqında qərar imzaladı, bütün bunlar tezliklə qüvvələr nisbətinin də Ukraynanın xeyrinə dəyişəcəyindən xəbər verir. 
İstisna etmirəm ki, Rusiya anlayır ki, bu dəqiqədən sonra müharibəni dayandırmaq məğlubiyyətə bərabər olacaq. Büdrədiyini başa düşən Kreml müharibəni davam etdirməkdə çox da qərarlı kimi görünmür artıq. Çünki rəsmi Moskva bilir ki, ona tətbiq edilən sanksiyalar, bağlanan hava məkanları Rusiyanı hər gün daha çox dalana dirənməyə məcbur qoyacaq. 
Pentaqonun yaydığı "Rusiyanın sərhəddə yerləşdirdiyi qoşunların üçdə ikisi hazırda Ukraynanın daxilindədir" məlumata əsaslansaq belə bir nəticə çıxır: Ukraynanın planın işə yaradığını nəzərə alsaq və artıq hər ötən saat Ukraynaya dəstək məqsədi ilə Rusiyaya qarşı artan sanksiyaların rəsmi Moskva nöqteyi nəzərdən daha dözülməz həddə çatacağını düşünsək o zaman Kremlin işinin daha da çətinləşəcəyini anlamaq çətin deyil. Və zaman ötdükcə Ukraynada xalqın orduya çevrildiyini hesaba qatsaq Rusiya üçün vəziyyətin arzuolunmaz həddə çatacağı daha real görünür.
Doğrudur, Rusiya hərbi texnikalarının və canlı qüvvə nəzərdən kağız üzərində Ukraynadan xeyli güclü görünürdü. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir və onun əsrlərdir qonşularına qarşı öz mənfəətləri naminə hər zaman müxtəlif iddiaları, hərbi təzyiqi söhbət mövzusu olub. Belə bir şəraitin hökm sürdüyü bir zamanda Rusiyanın sərhədboyu xidmət göstərən hərbçilərini də məhz Ukrayna ilə savaşa cəlb edəcəyi inandırıcı görünmür. Çünki bunu etmək Rusiyanın özünün ərazi bütövlüyü üçün ciddi təhlükə, bu zamana kimi etdiklərinin bədəlini ödətmək üçün qonşularının əlində fürsət ola bilər. Məhz Rusiyanın kağız üzərindəki üstünlüyünü göstərən ordu birliklərinin böyük hissəsinin də elə sərhədboyu yerləşən hərbi birləşmələrinin payına düşdüyünü nəzərə alsaq, o zaman Ukraynanın arxayın şəkildə Rusiya qarşısına tam gücü ilə savaşmaq imkanının onun üçün bir avantaj olacağını düşünmək olar. Çünki Rusiyanın həmin mövqelərdəki qoşunlarını da Ukrayna ilə müharibəyə cəlb etməsi öz ayağına sıxmaq ola bilər. 
Amma ümumi mənzərəyə nəzər saldıqda rəsmi Moskvanın işini ciddi şəkildə əngələ saldığı görünür. Artıq milyardlar itirən Rusiya üzləşəcəyi sanksiyaların görünür daxildə də etirazları artıracağını diqqətə almayıb. Demək olar ki, iqtisadi imkanları, maliyyə resursları baxımından tətbiq edilən sanksiyalarla artıq blokadaya alınan Rusiyanın daxilində hələ ilk günlərdən bir gərginlik, narazılıq açıq sezilməyə başlayıb. İndidən bir çox oliqarxlar Rusiyanı müharibəni dayandırması ilə bağlı müxtəlif etiraz səsləri yüksəldirlər ki, bu da anlaşılandır. Qərbin tətbiq etdiyi sanksiyalar birbaşa onların da milyonlarla dollar vəsait itirməsi deməkdir ki, bu da zərərə işləməmək üçün Rusiyada sözügedən iş adamlarının "obyektlərini" bağlamasına səbəb ola bilər ki, nəticədə yeni etiraz dalğasının meydana çıxmasına fürsət yarada bilər. 
Bir yandan başı Ukrayna ilə müharibədən məğlub çıxmaq təhlükəsinə qarışan Rusiya, o biri yandan Qərbin tətbiq etdiyi sanksiyalardan necə az zərərlə qurtulmaq qayğısını çəkərkən yeni bir problemlə də üzləşə bilər: Belə ki, uzanan müharibədə nəticəyə varmaqda ciddi müqavimətlə üzləşən Rusiyanın inadından əl çəkməməsi daxili vəziyyəti də olduqca gərə bilər. Hər ötən gün Kremlin siyasətinə qarşı etiraz səsini ucaldanların səsi durmadan arta bilər ki, bu da daxildə ciddi xaos vəziyyətin yaranması ilə nəticələnə bilər. Artqı müxtəlif cəbhələrdə vəziyyəti xeyirlərinə dəyişmək üçün güc sərf edəcək Rusiyanın hamısının öhdəsindən istədiyi kimi gələcəyi inandırıcı görünmür. Belə bir vəziyyətdə istisna edilmir ki, uzun illərdir Rusiya daxilində azadlıq, müstəqillik sevdası ilə alışıb-yanan azsaylı xalqların etiraz dalğaları baş qaldıra bilər. Bax, o zaman Moskvanın suverenliyi, müstəqilliyi ciddi təhdidlə üzləşə bilər. Bütün bu ssenarilərin mümkün olmaq imkanını əlliyə-əlli kimi dəyərləndirsək, o zaman Kreml bu riski gözə almamalıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA