Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin, “Birlik” Azərbaycanlıların İctimai Birliyinin təşkilati dəstəyi və kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.
Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, Ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Hazırda Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşadığını qeyd edən səfir onu da vurğulayıb ki, iki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulub.
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ulu öndər Heydər Əliyevin XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyət olduğunu qeyd edib. Səfir bildirib ki, dahi şəxsiyyətin ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir.
“Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və digər dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verib. Emil Nəsirli vurğulayıb ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər müəllifi olduğu kitabda sənədli təsvirlərin dili ilə şərh edilir.
Müəllif Qırğızıstanda yaşayan bütün soydaşlarımızı növbədənkənar president seçkilərində fəal iştiraka çağıırıb.
REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.