sedanews.az
sedanews.az

Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasına dair 48 siyasi partiyanın bəyanatı Azərbaycan ictimaiyyətindəki birliyin və həmrəyliyin göstəricisidir

28-04-2021, 10:19 500 dəfə baxılıb


Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasına dair 48 siyasi partiyanın bəyanatı Azərbaycan ictimaiyyətindəki birliyin və həmrəyliyin göstəricisidir

ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatında qondarma “erməni soyqırımı”nı tanıması haqlı olaraq Azərbaycan və Türkiyə ictimaiyyətində ciddi təpkilərlə qarşılandı. Həmin gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında dövlət başçımız Baydenin qərarını tarixi səhv adlandıraraq, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğuladı.

Elə həmin gün Baydenin qərəzli mövqeyinə dair Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatı da yayımlandı. Bununla da, siyasi əqidəsinə, ideologiyasına, siyasi palitradakı mövqeyinə görə bir-birindən xeyli fərqlənən və bir-biri ilə rəqabət aparan partiyalar ümummilli maraq kəsb edən məsələ ətrafında növbəti dəfə birlik, həmrəylik nümayiş etdirdilər. Bəyanatda “erməni soyqırımı” iddialarının bölgədə imperialist maraqlar güdən qlobal güclər tərəfindən siyasi təzyiq aləti kimi istifadə olunduğu və ölkələr və xalqlar arasında dözümsüzlük təlqin etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər.

Xatırladaq ki, bundan əvvəl, yəni 2020-ci il aprelin 17-də COVİD-19 pandemiyası və onun sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasına dair 9 siyasi partiya, 2020-ci il sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin təxribatına dair 50 siyasi partiya birgə bəyanat yaymışdı. Siyasi partiyaların birgə bəyanatları qeyd olunduğu kimi, Azərbaycan cəmiyyətinin birliyinin, bütövlüyünün, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin müxtəlif istiqamətlərdə yürütdüyü siyasətə və Azərbaycan-Türkiyə qardaşlığına dəstəyinin ifadəsidir. 

Bu birliyə, həmrəyliyə xələl gətirməyə çalışan müəyyən xarici dairələr və daxildəki ünsürlər isə növbəti dəfə ifşa olundular. Birgə bəyanatdan kənarda qalan Müsavat və AXCP özlərinin 5-ci kolon statuslarını bir daha təsdiqləmiş oldular. Azərbaycanın heç bir uğurunu həzm edə bilməyən, ermənipərəst dairələrdən qrantlar alıb onların sifarişlərini yerinə yetirən antimilli şuranın Türkiyəyə qarşı yönələn bu ədalətsiz mövqeyə də prinsipial münasibət göstərməməsi təəccüb doğurmadı. Onlar çox yaxşı bilirlər ki, ermənilərin qondarma “soyqırımı”nı tanıtmaq cəhdlərinin son məqsədi Tükiyədən təzminat və torpaq qoparmaqdır. Türkiyənin güclənməsi Azərbaycanın da bölgədəki və dünyadakı mövqeyini möhkəmləndirir, bu isə daxildəki düşmənləri və onların xaricdəki havadarlarını ciddi narahat edir.

100 il əvəl Osmanlı dövlətinin parçalanmasına çalışan qlobal qüvvələr bu gün Türkiyənin güclənməsindən qorxuya düşərək ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən saxta “soyqırımı” iddialarını süni surətdə gündəmdə saxlamağa çalışırlar. Halbuki, bu saxta, heç bir tarixi dəlilə söykəməyən iddialar və ittihamlar Vətən müharibəsindən sonra bölgədə yeni əməkdaşlıq mühitinin formalaşmasına mənfi təsir göstərir. Bundan isə ilk növbədə, elə Ermənistan və onun əhalisi əziyyət çəkəcəkdir. 

Beləliklə, Baydenin erməni diasporuna göstərdiyi “ayı xidməti”nin Ermənistana heç bir faydası yoxdur. Türkiyənin hazırkı gücü və beynəlxalq nüfuzu da bu cür təzyiqlərlə nəyəsə nail olmağı mümkünsüz edir. Beynəlxalq səviyyədə sərgilənən bu ikili standartlar və qərəzlilik Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırır və bütövlükdə Türk dünyasını daha ayıq-sayıq olmağa vadar edir. 


Siyasi şərhçi Hülya Məmmədli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA