Bakıda qazini vurub qaçan sürücü saxlanıldı
Bakıda qazini vurub qaçan sürücü saxlanıldı
Vətən müharibəsi iştirakçısını avtomobillə vuran şəxs artıq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib:
“İyulun 11-də, 23:00 radələrində qeydə alınıb. Elvin Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə Suraxanı rayonunun Bülbülə qəsəbəsində hərəkətdə olarkən maşını qəfildən nasaz vəziyyətə düşüb. Bu səbəbdən o maşını saxlayaraq, yerə enib. Bu zaman naməlum maşın onu vurub. Nəticədə Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
E.Zahidov bildirib ki, dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:
“Hadisəni Şabran rayon sakini Asəf Aslanovun idarə etdiyi “KamAZ” markalı avtomobillə törətdiyi məlum olub. O, şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı Rayonu Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri başlanılıb və istintaq aparılır”.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elvin Alik oğlu Tağızadə yol nəqliyyat hadisəsində ağır yaralanıb. Hər iki ayağında qırıqlar meydana gəlmiş zərərçəkən xəstəxanaya çatdırılıb.
E.Tağızadə Vətən müharibəsi iştirakçısıdır və “Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.