sedanews.az
sedanews.az

Qubadlıda teleradio yayımı təmin olunub

25-10-2021, 13:58 382 dəfə baxılıb

Qubadlıda teleradio yayımı təmin olunub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) Qubadlıda televiziya yayımını təmin edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, rayonun Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.
Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı bərpa edilib.
Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.
Qeyd edək ki, hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA