Azərbaycan yeni nəhəng layihələrlə dünyanı heyrətləndirir - Sahil Kərimli
Azərbaycan nəhəng enerji layihələrini reallaşdırmaqla enerji sahəsindəki gücünü artırmağı hədəfləyir və bununla dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlini qoyması bu siyasətin məntiqi davamıdır. Bu layihənin təməlinin qoyulması Azərbaycan üçün böyük tarixi hadisədir".
Bunu
Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli bildirib.
O, əlavə edib ki, Prezidentin təməlini qoyduğu yeni layihə xarici investorların cəlb edilməsi, sərmayə axınını gücləndirmək baxımından da xüsusi əhəmiyyət daşıyır: "Bir məqam da xüsusi vurğulanmalıdır ki, Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkətinin ölkəmizə sərmayə qoyması Azərbaycana dünya miqyasında göstərilən inam və etibardan, həmçnin ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrindən xəbər verir. Bu layihələr davamlı olacaq və gələcəkdə də bu kimi yeni nəhəng layihələrin icrasının şahidi olacağıq. Enerji resurslarının şaxələndirilməsi, xarici ölkələrə elektrik enerjisi ixracının artırılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək", - S.Kərimli deyib.
S.Kərimli həmçinin qeyd edib ki, bu kimi layihələr ölkəmizin enerji təhlükəsizliyi siyasətində xüsusi yer tutur. Bununla yanaşı, dünyada elektrik enerjisinə tələbatın durmadan artdığı bir zamanda Azərbaycanın enerji imkanları daha da cəlbedici görünür və ölkəmiz bu potensialdan məharətlə istifadə edir: "Məlumdur ki, artıq bir neçə ildir, Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edir və etibarlı enerji təminatçısına çevrilir. Elektrik enerjisinə təlabatın artdığı bir dövrdə ölkəmizin imkanlarından maksimum istifadə etmək, istehsal güclərini artırmaq Azərbaycan Prezidentinin gündəlikdə saxladığı əsas məsələlərdən biridir. Xüsusilə də ekoloji tarazlığın qorunub saxlanılması üçün alternativ enerji mənbələrindən istifadə, bu sahəyə böyük sərmayələrin yatırılması çox təqdirəlayiqdir", - S.Kərimli əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.